İQTİSADİYYAT
“Azneft” İstehsalat Birliyi yataqların virtual modelini yaradacaq
Bakı, 29 iyun, AZƏRTAC
“Azneft” İstehsalat Birliyi (İB) yataqların virtual modelini yaradacaq.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, informasiya texnologiyalarının dinamik inkişaf etdiyi bir dövrdə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, neft sektorunun da elektronlaşdırılması istiqamətində mühüm addımlar atılır. Bu mənada “Azneft” İB tərəfindən yataqların virtual modelinin qurulması üçün SCADA sisteminin yaradılması planlaşdırılır. SCADA sisteminin yaradılması ilə yataqların istismarı, hasil olunan neft-qazın emalı, saxlanılması, nəqli və aparılan texnoloji proseslərin vizuallaşdırılması həyata keçiriləcək. Eyni zamanda, bu sistemlə baş verə biləcək risklərin azaldılması üçün proseslərə fasiləsiz nəzarət və məsafədən idarəetmə mümkün olacaq.
Sistemin tətbiqi xərclərin azaldılması və istehsalın artımına da kömək edəcək. SCADA sisteminin pilot layihə kimi ilk olaraq “28 May” neft və qazçıxarma idarəsinin (NQÇİ) tətbiq edilməsi nəzərdə tutulur. Burada vahid dispetçer nəzarət-idarəetməsi və məlumatların toplanması mərkəzi yaradılacaq. Gələcəkdə isə bu sistem birliyin bütün idarələrində tətbiq olunacaq və məlumatlar iyerarxik olaraq üstə - “Azneft” İB-nin idarəetmə aparatının dispetçer məntəqəsinə ötürüləcək.