CƏMİYYƏT
“Azneft” İstehsalat Birliyində qanvermə aksiyası keçirilib
Bakı, 21 noyabr, AZƏRTAC
“Azneft” İstehsalat Birliyində (İB) qanvermə aksiyası keçirilib.
Birlikdən AZƏRTAC-a bildirilib ki, “Azneft” bu il də nümunəvi aksiyada iştirak etməklə sosial məsuliyyət layihələrinə göstərdiyi duyarlılığını bir daha sübut edib. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramının icrası ilə əlaqədar həyata keçirilən tədbirlərdə fəal iştirak edən “Azneft” İstehsalat Birliyi artıq bir neçə ildir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən “Talassemiyasız həyat naminə” layihə çərçivəsində talassemiyalı xəstələr üçün qanvermə təşəbbüsünə qoşulub.
“Azneft” İstehsalat Birliyinin aparatında qanvermə aksiyası keçirilib. Aksiyada iştirak edən birliyin əmək kollektivi qan verərək talassemiyadan əziyyət çəkən uşaqlara öz yardımlarını göstəriblər. Əvvəlcə həkimlər tərəfindən qanverənin qan təzyiqi ölçülüb, qan qrupu müəyyən edilmiş və könüllünün aksiyada iştirakını əngəlləyəcək xəstəliyinin olub-olmaması dəqiqləşdirildikdən sonra aksiyada iştirakına icazə verilib. “Azneft”in əksər heyəti bu xeyirxah aksiyada iştirak edib.
Bu il hazırlanmış qrafikə uyğun olaraq “Azneft” İstehsalat Birliyinin bütün idarə və müəssisələrində çalışan əməkdaşların kampaniyada könüllü iştirakı planlaşdırılır.