İQTİSADİYYAT
“Azneft”də beynəlxalq standartlara uyğun idarəetmə sisteminin tətbiqinə daim diqqət yetirilir
Bakı, 14 fevral, AZƏRTAC
“Azneft” İstehsalat Birliyində struktur bölmələri rəhbərlərinin, aparıcı mütəxəssislərin, eləcə də əməyin mühafizəsi xidmətinin məsul işçilərinin iştirakı ilə “Davranış və təhlükəsizliyin müşahidə sistemi” mövzusunda növbəti seminar keçirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, birliyin baş direktorunun əməyin mühafizəsi üzrə müavini Cəlair Səmədov beynəlxalq standartların tələblərinə uyğun idarəetmə sisteminin tətbiqinə daim diqqət yetirildiyini bildirib, sağlam əmək şəraitinin yaradılması, təhlükəsizlik mədəniyyətinin yüksəldilməsi, təhlükəsiz iş üsullarının öyrədilməsi məqsədilə neftçilər üçün aparılan maarifləndirmə tədbirlərindən danışıb.
Bildirilib ki, sistemin tətbiqi işçilər arasında əməyin təhlükəsizliyinə diqqətin daha da artmasına əlavə stimul verib. Gələcəkdə sistemin daha da təkmilləşdirilməsi üçün bu sahəyə diqqətin artırılmasının önəmi qeyd olunub.
Vurğulanıb ki, “Davranış və təhlükəsizliyin müşahidə sistemi” təhlil edildikdən sonra fəal işçilər birlik tərəfindən mükafatlandırılacaqlar.