İQTİSADİYYAT


“Aztelekom” MMC” “SAF” – təhlükəsiz internet xidmətinin tətbiqinə başlayıb

Bakı, 1 iyun, AZƏRTAC

“Aztelekom” MMC iyunun 1-dən etibarən “SAF” – təhlükəsiz internet xidmətinin tətbiqinə başlayıb.

Geniş seçim imkanı yaradan xidmət sürətli informasiya axınında istifadəçini internet təhlükələrindən, o cümlədən viruslu, arzuolunmaz məzmunlardan və zorakılığı təbliğ edən zərərli kontentlərdən qoruyur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Aztelekom.net” internet provayderinin abunəçiləri üçün təklif edilən bu xidmət insanların, əsasən də azyaşlı uşaqların psixologiyasına mənfi təsir edən veb-səhifələri filtrasiya edib, cinayətkarlıq, əxlaqsızlıq və aqressivliyi əks etdirən internet saytlarına girişi nəzarətə götürür, arzuolunmaz saytların girişinə qadağa qoyur.

Uşaqlar arzuolunmaz saytlara daxil olmaq istədikdə “SAF” bu səhifələrə girişi məhdudlaşdırır.

Bu xidmətdən yalnız azyaşlı uşaqların valideynləri deyil, eləcə də iş saatlarında effektivliyin artırılması məqsədilə hüquqi şəxslər də istifadə edə bilərlər.

Xidmətdən istifadə qaydaları isə olduqca sadədir. İstifadəçi “ağ siyahı” yaradaraq, arzuolunan internet resurslarının siyahısını tərtib edir. Eyni zamanda, təhlükəli resursları “qara siyahı”ya salaraq, onlardan istifadəni məhdudlaşdıra bilir. Həmçinin istifadəçi istədiyi vaxt filtri deaktivləşdirir, arzu etdiyi veb-resurslara daxil olur, daha sonra isə deaktiv etdiyi resursu aktiv edə bilir.

Qeyd edək ki, istifadəçilər 9 şəhər və rayonun (Abşeron, İmişli, Naftalan, Göyçay, Şirvan, Lənkəran, Qəbələ, Oğuz və Hacıqabul) ərazisində SAF-təhlükəsiz internet xidmətindən test rejimində yararlanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.