İQTİSADİYYAT
“Aztelekom” tərəfindən Xaçmaz rayonunda həyata keçirilən pilot layihə yekunlaşmaq üzrədir
Bakı, 16 iyun, Elvira Məmmədova, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən Xaçmaz rayonunda həyata keçirilən layihə yekunlaşmaq üzrədir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Aztelekom” MMC-nin baş direktor müavini Zaman Verdiyev məlumat verib. O qeyd edib ki, layihənin məqsədi abonentlərin evlərinə qədər yüksəksürətli internetin çatdırılması, müştərilərə göstərilən xidmət keyfiyyətinin daha da artırılmasıdır.
Artıq Xaçmaz rayonunun mərkəzində, Xudat qəsəbəsində və rayonun kəndlərində olan köhnə TDM tipli ATS-ləri NGN tipli IP texnologiyası əsasında çalışan və abonentlərin evlərinədək yüksəksürətli internetlə təmin edən avadanlıqlar quraşdırılıb və işlər yaxın zamanlarda yekunlaşacaq.
Layihə yekunlaşdıqdan sonra şkaflarda quraşdırılan avadanlıqlar üzərində cüzi dəyişiklik etməklə, abonentin avadanlıqdan evinə qədər olan məsafədə fiber-optik xətt çəkməklə internetə qoşulması və GPON (Gigabit Passive Optical Network) texnologiyasının tətbiqi də mümkün olacaq. Nəticədə üçü birində və dördü birində texnologiyaları (internet, telefon rabitəsi, IP TV və “ağıllı evlər”) və servis xidmətlərindən istifadə abonentlər üçün daha rahat olacaq.