CƏMİYYƏT


Aztəminatlı ailələrin özünüməşğulluğunun təşkili ilə bağlı müzakirələr aparılıb

A+ A

Bakı, 21 iyul, AZƏRTAC

Aztəminatlı ailələrin özünüməşğulluğunun təşkili, onların dövlətin dəstəyi ilə öz kiçik ailə təsərrüfatlarını formalaşdıraraq inkişaf etdirə bilmələri üçün daha əlverişli şərait yaradılması üçün bütün müvafiq işlər görüləcək.

AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün keçirilən kollegiya iclasında deyib. Nazir aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinin Azərbaycan Prezidenti İlham Əliyevin sosial siyasət kursunda mühüm yer tutduğunu, bu təbəqədən olan ailələrin yoxsulluğun doğurduğu çətinliklərdən müdafiəsi üçün ünvanlı dövlət sosial yardımı proqramının icra edildiyini vurğulayıb. Bildirib ki, bununla yanaşı, dövlət başçısının tapşırığına əsasən aztəminatlı ailələrin aktiv əmək bazarı proqramlarına cəlb olunması, özünüməşğulluğunun təmin edilməsi yolu ilə onların yoxsulluq vəziyyətindən çıxarılması hazırda nazirliyin əsas fəaliyyət istiqamətlərindən biridir.

S.Müslümov bildirib ki, Azərbaycan Prezidenti tərəfindən müəyyən olunan bu vəzifənin icrası istiqamətində məqsədyönlü işlər aparılır: “Dövlət başçısının “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 aprel tarixli Sərəncamı aztəminatlı ailələrin aktiv əmək bazarı tədbirlərinə cəlb olunmasına əsaslı təminat yaradıb. Sərəncamın icrası ilə əlaqədar tədbirlərin həyata keçirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “İşaxtaran vətəndaşların özünüməşğulluq fəaliyyətinin təşkili Qaydaları” hazırlanaraq nazirliyin Kollegiyasının müvafiq qərarı ilə təsdiq edilib. Hesab edirik ki, bu Qaydalar müvafiq sahədə işlərin daha səmərəli icrasına təminat verir”.

İclasda aztəminatlı ailələr üçün aktiv sosial müdafiə tədbirlərinin təşkili ilə bağlı cari məsələlər ətraflı müzakirə olunub, bu sahədə aparılan işlərin sürətləndirilməsi və yaxın vaxtlarda həmin tədbirlərin praktiki icrasına başlanılması tapşırılıb. Tədbirdə, həmçinin növbəti həftə ərzində məşğulluq orqanlarının iştirakı ilə qeyd olunan məsələlərlə bağlı ümumrespublika müşavirəsinin keçirilməsi qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.