CƏMİYYƏT
Azyaşlının pəncərədən yıxılıb ölməsi faktı ilə əlaqədar cinayət işi açılıb
Bakı, 25 iyul, AZƏRTAC
Son vaxtlar bəzi valideynlərin diqqətsizliyi və səhlənkarlığı ucbatından azyaşlı övladlarının nəzarətsiz qalmaları nəticəsində yaşadıqları mənzilin eyvan və pəncərələrindən yıxılaraq ölməsi hadisələrinin sayının artması ictimaiyyəti ciddi narahat edir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyulun 22-də saat 15 radələrində paytaxtın Binəqədi rayonunda 2016-cı il təvəllüdlü Əmənova Rüqayyə Elnur qızı anasının nəzarətsizliyi səbəbindən yaşadığı çoxmərtəbəli binanın üçüncü mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb. O, aldığı xəsarətlərlə bağlı xəstəxanaya yerləşdirilsə də, iyulun 24-də orada vəfat edib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Ailə faciəsinə səbəb olan belə bədbəxt hadisələrin təkrarlanmaması üçün valideynlərə xüsusən azyaşlı övladlarına qarşı daha diqqətli və məsuliyyətli olmaları tövsiyə edilir.