DÜNYA
Birləşmiş Ərəb Əmirliklərində dörd nəfər YouTube-da video yerləşdirdiyinə görə saxlanılıb
Abu-Dabi, 21 avqust, AZƏRTAC
“Gulf News” nəşrinin verdiyi məlumata görə, Abu-Dabidə üç cavan oğlan və bir cavan qız tərəfindən YouTube-da yerləşdirilmiş videoçarxla əlaqədar təhqiqat aparılması üçün onlar yeddi günlüyə saxlanılıb.
AZƏRTAC xəbər verir ki, saxlanılmış şəxslər informasiya texnologiyalarından qanunsuz istifadə etməklə ictimai asayişi pozmaqda və ölkə qanunvericiliyinə zidd materialların daxil olduğu videoçarxları yaymaqda təqsirləndirilirlər.
Qeyd edilir ki, təqsirləndirilən oğlanlardan biri və qız həmin videoda “qəhrəmanlar” kimi, qrupun qalan üzvləri isə çəkilişlərdə iştirakçılar kimi çıxış ediblər. İş üzrə təqsirləndirilənlərin hər biri cinayət törətdiklərini etiraf edib və bildiriblər ki, onların məqsədi gənc qızları sosial şəbəkələrdə tanış olduqları insanlarla görüşlərdən çəkindirmək üçün onları məlumatlandırmaq olub. Saxlanılan şəxslər daha sonra bildiriblər ki, onlardan birinin akkauntu dağıdılıb, bundan sonra orada redaktə əməliyyatı aparılıb və akkauntun kiçik bir hissəsi dərc edilib. Cavan oğlan həmin videonu əvvəlcə ümumi istifadədən çıxarıb, sonra isə onu tamam silib.
Lakin belə əməllərə bu cür haqq qazandırmaq cəhdləri ittihamçı tərəfi qane etməyib, ona görə ki, ictimai asayişə ziyan vuran hər hansı kontentin sosial şəbəkələrdə dərc edilməsinə görə qanunvericilikdə nəzərdə tutulan cəza tədbiri görülməlidir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Abu-Dabi