DÜNYA
BƏƏ əmirliklərin birləşməsinin 45-ci ildönümünü qeyd edir
Əbu-Dabi, 2 dekabr, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) milli bayram - əmirliklərin vahid dövlət şəklində birləşməsinin 45-ci ildönümü qeyd edilir. Altı əmirliyin – Əbu-Dabi, Dubay, Şərca, Acman, Əl-Füceyra, Umm əl-Qüveyn əmirliklərinin birləşməsi haqqında müqavilə 1971-ci il dekabrın 2-də imzalanıb. Yeddinci əmirlik (Rəs-əl-Xeymə) birləşmə haqqında müqaviləyə 1972-ci ilin fevral ayında qoşulub.
Bütün ölkədə bayram əhvalı hökm sürür, milli bayraqlar ucaldılır, binalar əmirliklərin bayraqları rəngində işıqlandırılır.
Bütün əmirliklərdə keçirilən təntənəli tədbirlər genişmiqyaslı atəşfəşanlıqla başa çatacaq.
BƏƏ Prezidenti şeyx Xəlifə bin Zayed Al Nəhyan ölkəni milli bayram günü münasibəti ilə təbrik edib. Onun məktubunda, o cümlədən BƏƏ-nin 2021-ci ilə qədər olan dövr üçün strategiyasından bəhs edilir, vurğulanır ki, bu strategiyanın mahiyyəti hüquq və ədalətə əsaslanan təhlükəsiz dövlət, rəqabətədavamlı iqtisadiyyat, sabit ətraf mühit, inteqrasiya edilmiş infrastruktur, yüksək səviyyəli təhsil və səhiyyə sistemləri, tolerantlıq və mötədillik kimi dəyərlərə əsaslanan dövlət qurmaqdan ibarətdir. Onun sözlərinə görə, bütün dünyada iqtisadi artımın azalmasına baxmayaraq, BƏƏ iqtisadiyyatın inkişaf dinamikasını qoruyub saxlayır və iqtisadiyyatın rəqabətədavamlılıq üzrə ən yaxşı göstəricilərə malik olan 20 ölkə arasında lider mövqeyi tutmaqda davam edir.
Prezident ərəb regionuna xarici müdaxiləyə görə ciddi narahatlığını bildirərək göstərir ki, bu müdaxilə nəticəsində ekstremizm qızışdırılıb, bir sıra dövlətlərin ərazi bütövlüyü və birliyi üçün təhlükə yaranıb. Beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanmasında BMT-nin, xüsusən BMT Təhlükəsizlik Şurasının mühüm rol oynamasını vurğulayan Prezident şeyx Xəlifə bin Zayed Al Nəhyan ümidvar olduğunu bildirib ki, bu beynəlxalq təşkilat dövlətlərin suverenliyinin qorunub saxlanmasında və ərazi bütövlüyünün təmin edilməsində, dünyada mövcud münaqişələrin tam həll edilməsində öz rolunu artıracaq.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi