MƏDƏNİYYƏT


BƏƏ-nin “Əl-Bəyan” qəzeti Azərbaycanın geniş turizm potensialından yazır

Abu-Dabi, 16 iyul, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu ərəbdilli mətbu orqanı olan “Əl-Bəyan” qəzetində “Azərbaycan qədim sivilizasiya... və sehrli təbiət” sərlövhəli məqalə dərc olunub.

Məqalə müəllifi Azərbaycanın min illər boyu qədim sivilizasiyanın beşiyi olduğunu, tarixi abidələri, görməli yerləri ilə seçildiyini və miladdan öncə üçüncü minilliyin əvvəllərində Urmiya gölü hövzəsindəki Azərbaycan ərazilərində ilk dövlətin yarandığını qeyd edib.

Azərbaycanın strateji mövqeyi ilə seçildiyini diqqətə çatdıran müəllif, ölkəmizin coğrafi mövqeyi barədə oxuculara məlumat verib, paytaxt Bakının bir tərəfdən Avropa tipli şəhər olduğunu, digər tərəfdən isə İslam memarlığını, Şərq üslubunu xatırlatdığını bildirib. O, buradakı memarlıq abidələrinin və şəhər arxitekturasının müxtəlifliyini və çalarlığını qeyd edərək, qədim tarixə malik İçərişəhərin UNESCO-nun dünya irsi siyahısına salındığını, burada qədim memarlıq abidələrindən Şirvanşahlar sarayının və Qız qalasının mövcud olduğunu diqqətə çatdırıb.

Azərbaycanın füsunkar təbiətə, əlverişli iqlimə malik olduğunu qeyd edən məqalə müəllifi, paytaxt Bakıdan 225 kilometr məsafədə yerləşən Qəbələnin geniş yaşıllığa büründüyünü, uca dağlar və dərin vadilər arasında yerləşdiyini bildirib, eyni zamanda, turistləri cəlb edən bir şəhər kimi Qəbələdə əlverişli şəraitin yaradıldığını, 1660 metr uzunluğunda telefrikin fəaliyyət göstərdiyini, burada məşhur şabalıd meşələrinin olduğunu yazıb. Müəllif şəhərə gələn turistlərin 90 faizini Körfəz dövlətlərindən olan ərəb turistlərin təşkil etdiyini diqqətə çatdırıb, bir sözlə, Qəbələnin heyrətamiz təbiətə malik olduğunu vurğulayıb.

Qəbələ sakinlərinin xalçaçılıq sənəti ilə də məşğul olduğunu bildirən müəllif, xalçaçılıq sənətinin Azərbaycanın ənənəvi qədim sənət nümunələrindən biri olduğunu və bu sənətin nəsildən-nəslə ötürüldüyünü qeyd edib. Müəllif şəhərin müxtəlif beynəlxalq musiqi festivallarına ev sahibliyi etdiyini diqqətə çatdırıb, Qəbələni dadlı və ləziz yeməklər ünvanı kimi dəyərləndirib, Azərbaycanın qədim tarixi və memarlığında bu rayonun öz xüsusi yeri olduğunu bildirib. Məqalədə Qəbələni ziyarət edənlərin Azərbaycanın gizli sehrini və təbii gözəlliyini kəşf etdikləri vurğulanıb.

Həmçinin müəllif ölkəmizin qədim mədəniyyət və sivilizasiya beşiyi olduğunu qeyd edərək, bu mədəniyyətin formalaşmasında Azərbaycan Musiqi Akademiyasının, Akademik Milli Dram Teatrının, Opera və Balet Teatrının və Azərbaycan Kinostudiyasının mühüm rolu olduğunu bildirib, Azərbaycanda hər il – Bakı Beynəlxalq kino festivalının, Bakı Beynəlxalq caz festivalının, Novruz bayramının, gül bayramının, milli teatr festivalının və sair keçirildiyini, paytaxt Bakının müxtəlif sərgi və beynəlxalq konfranslara ev sahibliyi etdiyini diqqətə çatdırıb.

O, Bakıda gözoxşayan müasir binaların, göydələnlərin inşa edildiyini bildirərək qeyd edib ki, özünəməxsus ənənəvi görünüşü və Şərq ilə Qərb arasında coğrafi körpü olan Bakını Şərqin Parisi adlandırmaq olar.

Müəllif “Fly Dubai” şirkətinin iyunun 29-dan etibarən Dubay-Qəbələ marşrutu üzrə həftədə iki reys həyata keçirdiyini və bunun sentyabrın 17-dək davam edəcəyini bildirib. Eyni zamanda, Körfəz Əməkdaşlıq Şurasına üzv ölkə vətəndaşlarının Azərbaycana giriş vizasının ölkəmizin hava limanlarında əldə etdiklərini xatırladıb və turistləri Azərbaycan gözəlliyindən, valehedici təbiətindən yararlanmağa çağırıb.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.