SİYASƏT


BƏƏ-nin “Əl-Fəcr” qəzetində Naxçıvanın geniş turizm potensialından bəhs olunub

A+ A

Əbu-Dabi, 27 oktyabr, АZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin tanınmış “Əl-Fəcr” qəzetinin baş redaktoru Şərif Əl-Bəsil bu il oktyabrın 4-dən 9-dək Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında səfərdə olub. Səfərdən sonra baş redaktor ölkəmiz haqqında silsilə məqalələr hazırlayıb.

Baş redaktor Şərif Əl-Bəsilin “Naxçıvan öz irsi və təbiətinin sehri ilə qəlbləri məftun edir və gözləri heyrətləndirir” sərlövhəli məqaləsi oktyabrın 27-də “Əl-Fəcr” qəzetinin çap və elektron nüsxələrində işıq üzü görüb. Qəzetin bir səhifəsi Naxçıvana həsr edilib və muxtar respublika ilə bağlı fotoşəkillər yerləşdirilib. Məqalədə müəllif səyahət sevənlərə və elm adamlarına xitabən Naxçıvan Muxtar Respublikasının sehrli təbiətinə, gözəl havasına, müxtəlif turizm və tarixi yerlərinə, eləcə də müalicəvi sularına və tarixin yaşıdı olan arxeoloji abidələrinə görə dünyanın ən gözəl guşələrindən və ən cəlbedici turizm istiqamətlərindən biri olduğunu qeyd edib, möhtəşəm incəsənət işlərinin və memarlıq üslubunun sintezinin əks olunduğu bina və digər tikililərin gözəlliyinin Naxçıvan şəhərinə özünəməxsus unikallıq qazandırdığını oxucuların diqqətinə çatdırıb. Ərəb və müsəlmanları öz mədəni ənənələrinə yaxın hesab edən yerli əhalinin xoş və qonaqpərvər rəftarı ilə rastlaşdığını vurğulayan Şərif Əl-Bəsil yuxarıda sadaladığı amillər, ləziz və çeşidli mətbəxin mövcudluğu ilə bərabər, əmin-amanlığın və sabitliyin hökm sürməsinin bu diyarın Körfəz turistləri üçün ideal istirahət məkanı olduğunu önə çəkib. O, son illər ərzində turizm sektorunda yaradılan şəraitin gələn qonaqların xəyallarında silinməz iz qoyduğunu xüsusilə qeyd edib. Naxçıvanda səfəri müddətində iməcilik ənənəsi ilə üzləşdiyinə diqqət çəkən məqalənin müəllifi bu ənənənin əsasının ümummilli lider Heydər Əliyevin muxtar respublikaya rəhbərliyi dövründən qoyulduğunu, hər şənbə günü keçirilən iməcilikdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun şəxsən iştirak etdiyini və yerli camaatın həmin ənənədə fəal iştirakının torpağına və Vətəninə sevgidən qaynaqlandığını oxucuların nəzərinə çatdırıb.

Sonra məqalədə Naxçıvanda turizm və müalicəvi turizm sahəsində dünya standartlarına uyğun şəraitdən, eləcə də Duzdağ Fizioterapiya Mərkəzindən geniş bəhs edilib. Bura Türkiyə, Rusiya, İsveçrə, Norveç və başqa ölkələrdən qonaqların gəldiyi barədə məlumat verilib. Məqalədə səhiyyə müəssisələrində Naxçıvan Dövlət Universitetinin tibb fakültəsini bitirmiş peşəkar mütəxəssislərin çalışdığı qeyd olunub.

Naxçıvandakı tarixi abidələrə gəlincə, bu mövzuda Şərif Əl-Bəsil Naxçıvanqala, Nuh peyğəmbərin türbəsi, Möminə xatın türbəsi, Əshabi-Kəhf mağarası və ayrı-ayrı abidə və muzeylər haqqında müfəssəl məlumatlar təqdim edib, “Naxçıvan” sözünün “Nuhun diyarı” kimi də açıqlandığını bildirib və ərəb turistlərə tövsiyəsində həmin yerləri ziyarət etməyi məsləhət görüb. Eyni zamanda, bu abidələrin bərpası və qorunması işində ulu öndər Heydər Əliyevin, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun xüsusi qayğısını qeyd edib, son illərdə Azərbaycanın digər yerlərində olduğu kimi, muxtar respublikada da hərtərəfli sürətli inkişaf haqda söhbət açıb.

Baş redaktor Ali Məclis Sədrinin rəhbərliyi ilə Naxçıvanda ulu öndər Heydər Əliyevin siyasi xəttinin davam etdirildiyini, həyata keçirilən inkişaf strategiyasının bəhrəsi olaraq əhalinin sosial rifahının daha da yüksəldiyini bildirib, muxtar respublikada idman, incəsənət və mədəniyyət sektorları ilə yanaşı, avtomobil sənayesi, müalicəvi sular, xalçaçılıq, əl işləri, kənd təsərrüfatı və digər sahələrin yaxşı inkişaf etdiyini önə çəkib. O, buranın dağlarında və dağlıq ərazilərində yetişən çiçək və otların çaya qatıldıqda inanılmaz dad verdiyini və insan orqanizmi üçün son dərəcə xeyirli olduğunu vurğulayıb, Naxçıvanda bütün ərzaq məhsullarının təbii olduğunu qeyd edib.

Məqalədə, həmçinin Naxçıvan Muxtar Respublikasının dünyanın ən təmiz və ən təhlükəsiz guşələrindən biri olduğu, burada internetin bütün ərazini əhatə etdiyi, fikir və ifadə azadlığının tam təmin olunduğu vurğulanıb.

Redaktor Şərif Əl-Bəsil Naxçıvandan bəhs etdiyi məqaləsini bu fikirlərlə tamamlayıb: “Naxçıvan şəhəri “ecazkar şəhər titulu”na layiqdir. Ona görə ki, bu şəhər məftunedici mənzərələrə malik sehrli təbiətə, təmiz havaya, qədim tarixə, dəbdəbəli mehmanxanalara, möhtəşəm istirahət mərkəzlərinə, ən əsası da qonaqpərvər əhaliyə malikdir. Əshabi-Kəhfin şəhəri olan Naxçıvan dünya şəhərlərinə oxşamayan unikal şəhərdir. Şəhərə səfər yaddaşlardan silinmir, insan qəlbini məftun edir və yenidən səfər etmək vurğunluğu yaradır”.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.