BƏƏ-nin “Əl-İttihad” qəzetində “Azərbaycanda Ramazan adət-ənənələri” adlı məqalə dərc olunub
Əbu-Dabi, 21 may, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu dövlət qəzeti olan “Əl-İttihad” qəzetində “Azərbaycanda Ramazan adət-ənənələri” adlı məqalə dərc olunub.
Müqəddəs Ramazan ayında Azərbaycan səfirinin evində qonaq olduğunu qeyd edən qəzetin müxbiri səfirin xanımı Ülviyyə Şikarova vasitəsilə Azərbaycan xalqının Ramazan adət-ənənələri, ümumiyyətlə, ölkəmiz haqqında ətraflı məlumat əldə etdiyini bildirir.
Ramazan ayında Azərbaycanda dövlət səviyyəsində müxtəlif tədbirlər keçirildiyini, imkansızlara yardım edildiyini, körpələr, ahıllar evlərinin ziyarət olunduğunu diqqətə çatdıran Ü.Şikarova bu işdə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd edib. O, Fondun kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlara böyük diqqət göstərdiyini bildirib.
Azərbaycanın müsəlman Şərqində ilk demokratik respublika olduğunu bildirən səfirin xanımı ölkəsinin İslam dünyasının ayrılmaz hissəsi olduğunu və ağır sınaqlara baxmayaraq, İslam adət-ənənələrini qoruduğunu, yaşatdığını və gələcək nəsillərə ötürdüyünü vurğulayıb. O, bu gün Azərbaycanda çoxlu sayda məscidin, mədrəsənin olduğunu və ölkədəki dini abidələrə dövlət tərəfindən xüsusi qayğı göstərildiyini diqqətə çatdırıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi