İQTİSADİYYAT
Azərbaycanda bir sıra sahələrə investisiya yatırılması ilə bağlı danışıqlar aparılır
Əbu-Dabi, 25 noyabr, İbad Bağırov, AZƏRTAC
İqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Birgə Hökumətlərarası Komissiyası ölkələrimiz arasında ticarət mübadiləsinin artırılmasında və birgə investisiyaların yatırılması sahəsində bir çox nailiyyətlər əldə edib.
Bu sözləri BƏƏ-nin iqtisadiyyat naziri, hökumətlərarası komissiyanın həmsədri Sultan Bin Səid Əl Mansuri AZƏRTAC-a qurumun Bakıda keçirilmiş beşinci iclasının nəticələri ilə bağlı məxsusi müsahibəsində deyib.
Nazir turizm sahəsində əməkdaşlıqdan danışarkən bildirib ki, ölkəsinin vətəndaşları gəzməli, görməli yerlərlə zəngin olan Azərbaycana, eləcə də azərbaycanlılar Birləşmiş Ərəb Əmirliklərinə səyahət edirlər. Gələcəkdə BƏƏ-dən Azərbaycana turistlərin gətirilməsi üçün ixtisaslaşmış nəqliyyat şirkətləri fəaliyyət göstərəcək.
Sultan Bin Səid Əl Mansuri deyib ki, hazırda Azərbaycan tərəfi ilə kənd təsərrüfatı, infrastruktur, “Bakı Ağ Şəhər” layihəsi çərçivəsində yeni sahələrə investisiya yatırılmasına dair danışıqlar aparılır.
Nazir BƏƏ-nin logistika, alternativ və bərpa olunan enerji sahəsindəki təcrübəsini Azərbaycan ilə bölüşməyə hazır olduğunu, ölkəsi tərəfindən Azərbaycanda qaz sahəsi ilə yanaşı, külək enerjisi sahəsinə də investisiya yatırılmasının mümkünlüyünü bildirib.
Sultan Bin Səid Əl Mansuri qeyd edib ki, bütün bu sahələrdəki imkanlardan yararlanmaq üçün tərəflər birgə qrupun yaradılması ilə bağlı razılığa gəliblər.
İbad Bağırov
AZƏRTAC-ın müxbiri