SİYASƏT
BƏƏ-nin iqtisadiyyat naziri: Bazarımız təbiiliyi və dadı ilə seçilən Azərbaycan məhsullarına açıqdır
Bakı, 3 may, AZƏRTAC
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) dünyanın ən uzaq ölkələrindən kənd təsərrüfatı və ərzaq məhsulları idxal edir. Lakin Azərbaycan məhsulları öz təbiiliyi, keyfiyyəti və dadı ilə seçilir. Bu baxımdan, BƏƏ bazarı Azərbaycan məhsullarına açıqdır. Biz ət məhsullarının idxalına xüsusilə ehtiyac duyuruq. Azərbaycan məhsullarının BƏƏ bazarında uğurla rəqabət apara bilməsi üçün logistika yollarının inkişafı məsələsinə xüsusi diqqət yetirilməli, məhsulların qısa müddətdə etibarlı və ucuz nəqli təmin edilməlidir.
Bu fikirləri Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Sultan bin Səid Əl Mansuri Azərbaycanın bu ölkədəki səfiri Daşqın Şikarovla görüşündə deyib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və BƏƏ arasında siyasi və iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan səfir hər iki ölkənin xalqları və hökumətləri arasında çox yaxşı münasibətlərin formalaşdığını diqqətə çatdırıb. Bildirib ki, ölkələrimiz istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində daima bir-birinə dəstək olur. Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin fevralında BƏƏ-yə etdiyi rəsmi səfərdən, eləcə də BƏƏ-nin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Raşid Əl Maktumun ötən il ölkəmizə baş tutmuş səfərindən sonra bu əlaqələr keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Səfir ölkəmizdə əldə edilmiş iqtisadi nailiyyətlər, aparılan islahatlar, qeyri-neft sektorunun inkişafı və ixracatın şaxələndirilməsi istiqamətində atılan addımlar barədə məlumat verib, həmçinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın birbaşa himayəsi altında Heydər Əliyev Fondu tərəfindən Azərbaycan və dünyanın bir sıra digər ölkələrində həyata keçirilmiş sosial-mədəni layihələr haqqında danışıb.
Qeyd edilib ki, iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətləri iqtisadi, ticarət və investisiyalar sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanlar açır. İkitərəfli iqtisadi əlaqələrin inkişafında Hökumətlərarası Müştərək İqtisadi Komissiyanın xüsusi rolu var. Bu baxımdan, cari ildə bu komissiyanın növbəti sayca altıncı iclasının təşkili xüsusi əhəmiyyət kəsb edir.
İki ölkənin ticarət əlaqələrinin səviyyəsinə də toxunan səfir D.Şikarov bildirib ki, 2014-cü illə müqayisədə 2015-ci ildə Azərbaycan və BƏƏ arasındakı ticarət dövriyyəsinin həcmi təxminən 10 faiz artaraq 70 milyon ABŞ dollarını ötsə də, bu göstərici mövcud potensiala cavab vermir. Halbuki qarşılıqlı ticarətin dəstəklənməsi ilə bu göstəricini 500-600 milyon ABŞ dollarına qədər artırmaq mümkündür. Ölkəmizdən xüsusilə kənd təsərrüfatı məhsullarının ixracı üçün böyük potensial olduğunu deyən səfir Azərbaycanın təbii və yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının BƏƏ bazarına daxil olması məsələsində müvafiq dəstəyin göstərilməsini xahiş edib.
Turizm sahəsindəki əməkdaşlığa da toxunan D.Şikarov vurğulayıb ki, Azərbaycanda turizmin inkişafına son illərdə xüsusi diqqət göstərilir. Gözəl təbiəti, zəngin mədəniyyəti, mətbəxi və insanlarının qonaqpərvərliyi dünyanın hər yerindən turistləri ölkəmizə cəlb edir. Əlverişli iqlim şəraiti və yaradılmış turizm infrastrukturu Azərbaycanda ilin dörd fəsli turizm fəaliyyətlərinin həyata keçirilməsinə imkan verir. Qəbələ, Şamaxı, Quba, Qusar, Şəki, Naxçıvan və Azərbaycanın digər bölgələrinin öz təbii gözəllikləri ilə BƏƏ-dən gələn turistləri valeh edəcəyindən əmin olduğunu qeyd edən səfir yeni istifadəyə verilmiş “Şahdağ” turizm mərkəzinin regionun ən cəlbedici məkanına çevrildiyini bildirib.
Səfir əlavə edib ki, Azərbaycan Prezidentinin qərarı ilə 2015-ci ilin noyabrından etibarən BƏƏ vətəndaşlarına Azərbaycanın beynəlxalq hava limanlarında viza ala bilmə imkanının verilməsindən sonra turistlərin Azərbaycana çoxsaylı axını müşahidə olunur. Əvvəllər il ərzində BƏƏ-dən Azərbaycana cəmi 2500-3000 turist səfər edirdisə, hazırda yalnız cari ilin mart ayında 3000-dən çox turist ölkəmizə səfər edib. Əldə olunmuş müsbət dinamika bu göstəricinin gündən-günə daha da artacağını deməyə əsas verir.
D.Şikarov, həmçinin genişlənən ticarət, investisiya və turizm əlaqələrinə paralel olaraq hava nəqliyyatı sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, hazırda ölkələrimiz arasında həftədə cəmi 10 uçuşun mövcud olduğunu deyərək, bu uçuşların sayının yaxın vaxtlarda digər hava yolu şirkətlərini də cəlb etməklə artırılmasının vacibliyini bildirib. Bu çərçivədə səfir BƏƏ-nin “Emirates”, “Etihad” və “Arabian Airlines” kimi hava yolu şirkətlərini ölkəmizə müntəzəm uçuşlara başlamağa dəvət edib.
Daha sonra D.Şikarov BƏƏ-li nazirin diqqətini Ermənistanın Azərbaycan ərazilərini işğalı faktına yönəldərək, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlərlə bağlı məlumat verib. BƏƏ tərəfinin istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycana dəstək verən ədalətli mövqeyinin təqdirlə qarşılandığını vurğulayıb.
Əl Mansuri səfir D.Şikarovu BƏƏ-yə təyinatı münasibətilə təbrik edərək uğurlar arzulayıb və gələcək fəaliyyətində ona dəstək olmağa hazır olduğunu deyib. Nazir bildirib ki, ölkəsi Azərbaycan ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir. Son bir ildə həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər zamanı bu əlaqələrin genişləndirilməsinin zəruriliyi bir daha bəyan edilib. İstər Azərbaycan, istərsə də BƏƏ qısa müddət ərzində böyük iqtisadi nailiyyətlərə imza atıb. İki ölkənin ticarət və investisiya sahələrində uğurla davam edən əməkdaşlığı var və bu əməkdaşlıq böyük potensiala malikdir.
BƏƏ vətəndaşları üçün viza proseduralarının sadələşdirilməsi ilə bağlı qərara görə Azərbaycana təşəkkürünü bildirən nazir vurğulayıb ki, yaranmış yeni bazar şəraiti ölkələrimiz arasında yeni hava səfərlərinin başlanılmasını labüd edir.