İDMAN
BAKIDA BƏDİİ GİMNASTİKA ÜZRƏ AGF KUBOKU VƏ DÜNYA ÇEMPİONATI ƏN YÜKSƏK SƏVİYYƏDƏ KEÇİRİLƏCƏK
Heydər Əliyev adına İdman-konsert kompleksi cari il üçün planlaşdırılan mötəbər yarışların keçirilməsinə hazırlığa başlamışdır. Söhbət bədii gimnastika üzrə mayda AGF Kuboku turnirindən və oktyabrda dünya çempionatından gedir. Bunu AZƏRTAC-ın müxbirinə kompleksin direktoru Rafiq Behbudova istinadla Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən bildirmişlər.
R.Behbudov demişdir ki, son vaxtlar idman kompleksində bütün lazımi yenidənqurma və təmir-bərpa işləri aparılmışdır. Paytaxtın baş idman qurğusunun yararsız vəziyyətə düşən damı tamamilə təmir edilmişdir. Qızdırıcı və ventilyasiya sistemləri saz vəziyyətə salınacaqdır. Kompleksin bütün məşq korpusu təmir olunmuşdur, soyunub-geyinmə otaqları və salonlar beynəlxalq standartlara uyğundur. Burada kifayət qədər məşq salonu, turnirin keçirilməsi üçün böyük meydan, hakimlər üçün otaqlar, VİP-lojalar, mətbuat mərkəzi, jurnalistlər üçün yerlər və mətbuat konfransları üçün salon var.
R.Behbudov bildirmişdir ki, hər şey lazımi səviyyəyə qaldırılacaq, heç bir texniki problem olmayacaq, AGF Kuboku turniri də, dünya çempionatı da ən yüksək səviyyədə keçiriləcəkdir. O xatırlatdı ki, gimnastika turnirlərinin keçirilməsi sahəsində təcrübə var.
İdman kompleksinin direktoru demişdir: “2003-2004-cü illərdə Dünya kuboku uğrunda yarışlar yüksək səviyyədə keçirildi və təşkilati baxımdan nümunəvi turnirlər oldu. Əminəm ki, Azərbaycan Gimnastika Federasiyası ilə birgə işimizdən hamı bu dəfə də razı qalacaqdır”.