İDMAN
BAKIDA İNTELLEKTUAL OYUNLAR ÜZRƏ İLK DÜNYA ÇEMPİONATI KEÇİRİLMİŞDİR
İyunun 14-16-da Bakıda “Nə? Harada? Nə vaxt?” intellektual oyunları və “Breyn-rinq” üzrə ilk dünya çempionatı keçirilmişdir. Şəhriyar adına Mədəniyyət Mərkəzində birinci gün çempionatın təntənəli açılışı olmuşdur. Planetin ən intellektual komandası olmaq hüququ uğrunda mübarizə aparmaq üçün ölkəmizin paytaxtına ABŞ, Almaniya, İsrail, Ukrayna, Belarus, Latviya, Litva, Gürcüstan və Rusiyadan 24 komanda gəlmişdi. Bu yarışlarda Azərbaycan üç komanda ilə təmsil olunmuşdu.
Tədbirin təşkilatçıları Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər, İdman və Turizm Nazirliyi, Beynəlxalq Klublar Assosiasiyası \BKA\ idi.
Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu, Rusiyanın mədəniyyət naziri Vladimir Şvıdkoy, gənclər, idman və turizm naziri Əbülfəz Qarayev, Milli Məclisin deputatı Anar Məmmədxanov açılış mərasimində çıxış edərək yarış iştirakçılarını və tamaşaçıları salamladılar, belə bir tədbirin keçirilməsinin vacibliyini vurğuladılar və komandalara uğurlar arzuladılar. BKA-nın rəhbəri Natalya Stetsenko bu tədbirin təşkiliniə görə Azərbaycan MOK-un rəhbərliyinə, Gənclər, İdman və Turizm Nazirliyinə təşəkkür etdi.
X X X
İyunun 16-da “Avropa” mehmanxanasında çempionatın bağlanış mərasimi oldu.
“Nə? Harada? Nə vaxt?” oyunu üzrə ilk dünya çempionu adını Sankt-Peterburqdan Aleksandr Druzun komandası qazandı. İkinci yeri Moskva komandası, üçüncü yeri də Sankt-Peterburq komandası tutdular. MOK-un prezidenti İlham Əliyev qaliblərə kubok təqdim etdi.
“Breyn-rinq” oyunu üzrə ilk çempion adına Balaş Qasımovun komandası layiq görüldü.
BKA-nın prezidenti Natalya Stetsenko mükafatların təqdim olunması mərasimində çıxışında bu tədbirin Bakıda təşkil edilməsi imkanına görə ölkə rəhbərliyinə təşəkkürünü bildirərək dedi ki, Azərbaycan Prezidenti Heydər Əliyev bilicilərlə görüşmüş yeganə dövlət rəhbəridir. Natalya Stetsenko vurğuladı ki, onlar həmin görüşün videoyazısını xatirə kimi saxlayırlar.
Sonra mərasimdə MOK-un prezidenti İlham Əliyev çıxış etdi.
İLHAM ƏLİYEV qonaqları salamlayaraq dedi:
- Əziz bilicilər!
Əziz “Nə? Harada? Nə vaxt?” klubunun üzvləri!
Mən, ilk növbədə, Milli Olimpiya Komitəsinin və Azərbaycan Gənclər və Turizm Nazirliyinin təklifini qəbul edərək, gözəl şəhərimizə gəldiyinizə və “Nə? Harada? Nə vaxt?” oyunu üzrə ilk dünya çempionatını uğurla keçirdiyinizə görə sizə öz təşəkkürümü bildirmək istəyirəm.
Şəhərimizdə keçirdiyiniz bir neçə gün ərzində siz ölkəmizi, paytaxtımızı yaxından tanıdınız və sakinlərimiz sizinlə sərbəst şəraitdə ünsiyyət imkanı qazandılar. Siz həm bu oyunun azarkeşlərinə və həm də televiziya tamaşaçılarına böyük sevinc bəxş etdiniz. Onlar on illərdir ki, sizin hər bir verilişinizə maraqla baxır, oyunların heç birini nəzərdən qaçırmamağa çalışır, sualları və cavabları müzakirə edir və hər dəfə bilicilərin nə qədər ağıllı, onların intellektual səviyyələrinin nə qədər yüksək olmasına heyrətlənirlər.
Bakı çempionatı artıq tarixə çevrilmişdir. “Nə? Harada? Nə vaxt?” klubunun tarixində həmişəlik yazılacaqdır ki, ilk dünya çempionatı bizim şəhərimizdə keçirilmişdir. Dünya çempionatının bağlandığını elan etməzdən əvvəl sizə bir təklif etmək istəyirəm. Mən bütün gələcək dünya çempionatlarını Bakıda keçirməyi təklif edirəm.
MOK Prezidenti İlham Əliyevin təklifi iştirakçıların hamısı tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı.
İlham Əliyev intellektual oyunlar üzrə ilk dünya çempionatını bağlı elan etdi.