REGİONLAR
BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 1-də Bakı şəhərinin 7 rayonunda əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatlarını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən bostan və tərəvəz məhsulları çıxarılmışdır.
Nəsimi rayonunda yerləşən “Təzə bazar” MMC-nin həyətindəki yarmarkada satışa Sabirabad, Hacıqabul, Gədəbəy, Salyan və Tovuz rayonlarından 50 tondan yuxarı məhsul çıxarılmışdı. Kənd Təsərrüfatı Nazirliyinin, Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri və “Təzə bazar” MMC-nin rəhbərliyi meyvə-tərəvəzin, bostan və süd məhsullarının münasib qiymətə satılması üçün lazımi şərait yaratmışdılar. Burada satışa nəzarət edilir, alıcıların arzu və təklifləri dinlənilir, fermerlərin rəyləri öyrənilirdi.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada sakinlər kiloqramı 20-30 qəpiyə satılan pomidoru, Qobustandan gətirilmiş və kiloqramı 3 manat 60 qəpiyə satılan mal ətini həvəslə alırdılar. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Sabir Əhədov bildirdi ki, bu gün Samux, Lənkəran, Balakən və Qobustan rayonlarının fermerləri yarmarkada satışa 26 tondan çox məhsul çıxarmışlar.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə cəlilabadlı fermerlər satışa 6 tondan çox məhsul çıxarmışdılar.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkaya Ağcabədi, Quba, Qəbələ, Şəmkir, Ucar, Kürdəmir, Salyan, Biləsuvar və Sabirabad rayonlarından gətirilmiş meyvə-tərəvəz, bostan və digər kənd təsərrüfatı məhsulları şəhər sakinləri tərəfindən həvəslə alınırdı. Burada yemiş, qarpız, alma, armud, kartof, soğan, üzüm, zoğal, meyvə şirələri, kələm və heyvandarlıq məhsulları da çox idi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov məlumat vermişdir ki, bu gün rayon ərazisində təşkil olunmuş iki yarmarkaya (ikinci yarmarka metronun “Həzi Aslanov” stansiyasının yaxınlığındakı “Ordubad” kiçik müəssisəsinin ticarət mərkəzində fəaliyyət göstərir) 214 ton məhsul çıxarılmışdır.
Metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkada paytaxt sakinlərinə Salyan, Qusar, Dəvəçi, Beyləqan, Astara rayonlarından gətirilmiş 12 ton bostan məhsulu, 5 ton kartof, 14 ton tərəvəz, 10 ton meyvə və 1 ton ət təklif olunurdu. Burada qarpız 10, yemiş 15, kartof 40-50, pomidor 20-40, soğan 25, üzüm 50-70, şaftalı 70 qəpiyə, mal əti 3 manat 40 qəpiyə, qoyun əti isə 4 manat 20 qəpiyə satılırdı.
Səbail rayonunun Badamdar qəsəbəsindəki yarmarkada satışa Ağdaş, Salyan, Saatlı və Masallı rayonlarından gətirilmiş 35 ton müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları çıxarılmışdı. Saatlıdan üzüm gətirmiş Şamil Cəfərovun sözlərinə görə, beşinci dəfərdir ki, yarmarkaya gəlir və yetişdirdiyi məhsulun 1,5 tonunu burada satmışdır.
Nərimanov rayonundakı Keşlə Ticarət Mərkəzində təşkil olunmuş yarmarkaya Xaçmaz, İmişli, Salyan, Tovuz, Astara, Neftçala, Oğuz və Qobustan rayonlarından 53,9 ton meyvə gətirilmişdi. Burada alıcılara bazar qiymətindən ucuz qiymətə 3,5 ton qoyun və mal əti, 1 ton balıq, 0,8 ton süd məhsulları, 0,8 ton konserv, 30,2 ton tərəvəz, 1,5 ton kartof, 4 ton bostan bitkiləri, 12,5 ton meyvə və s. məhsullar təklif olunurdu.