REGİONLAR
BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, dekabrın 28-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada satışa Sabirabad, Zərdab, Gədəbəy və digər rayonlardan gətirilmiş 14 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulu çıxarılmışdı. Gədəbəyli Cəmil İsayev həyətyanı təsərrüfatında becərdiyi 4 tondan çox kələmi, kartofu, kök və soğanı paytaxt sakinlərinə münasib qiymətə təklif edirdi. O, soğanın, kartofun kiloqramını 40-50, kələmi və kökü 50-60 qəpiyə satırdı. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun verdiyi məlumata görə, məhsulların qiyməti bazardakından 20-25 faizə qədər ucuzdur. Ümumilikdə şənbə və bazar günü yarmarkaya 36 tondan çox məhsul satılmışdır.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Balakən, Gədəbəy, Samux, Daşkəsən, Quba, Biləsuvar rayonlarının fermerləri iki gün ərzində 78 ton məhsul satmışlar. “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerləri alıcılara 10 tondan çox məhsul təklif etmişlər.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində sakinlər Salyan, Kürdəmir, Quba, Şəmkir, Ağcabədi, Qax, Biləsuvar və Qəbələ rayonlarından gətirilmiş, qiymətləri bazardakından 20 – 25 faiz ucuz olan məhsulları həvəslə alırdılar. İşçi qrupunun qərargahından verilən məlumata görə, şənbə və bazar günləri yarmarkada 149 ton meyvə, 43 ton kartof, 82 ton tərəvəz və digər məhsullar satılmışdır.
Bazar günü A.Şərifzadə küçəsində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkaya bayram bazarlığı üçün gəlmiş paytaxt sakinləri burada istədikləri kənd təsərrüfatı məhsulunu bazardakından xeyli ucuz qiymətə ala bilirdilər. Məhsulların bolluğu və çeşidin müxtəlifliyi seçim imkanlarını artırmışdı. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Vahid Zərgərov bildirdi ki, 2008-ci ildə sonuncu olan bu yarmarkada həm məhsulun bolluğu, həm də alıcıların çoxluğu təbiidir. Fermerlər bayramla bağlı paytaxt sakinlərinin artan tələbatını nəzərə alaraq malların çeşidini artırmışlar. Dəvəçi, Qusar, Salyan, Astara, Quba, İmişli, Şəki və digər rayonların fermerləri əlamətdar bayramlar ərəfəsində satış üçün yaradılmış şəraitdən razılıq edirdilər. Yarmarkadan əlidolu çıxan alıcıların da deməyə sözləri çox idi. Qafar Tağıyev, Tamilla Şükürova, Şahin Qasımov, Aygün Şamilova və başqaları bayramqabağı məhsulun bolluğundan və qiymətlərin münasibliyindən dönə-dönə razılıq edir, bu nəcib tədbirin təşkilinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirirdilər.
Biləcəri qəsəbəsində 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkaya Ağsu və Qazax rayonlarından müxtəlif çeşiddə təzə kənd təsərrüfatı məhsulları gətirilmişdi. Burada kartofun kiloqramı 30-35, kələm və soğan30, nar 40-50, alma 20-25 qəpiyə təklif olunurdu. Alıcılar qozun, fındığın, yumurtanın, çuğundurun, kökün və digər məhsulların da qiymətlərinin onlar üçün əlverişli olduğunu söyləyirdilər. Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini Elxan Abdullayev bildirdi ki, şənbə və bazar günlərində yarmarkada 22 tonadək meyvə-tərəvəz, süd və bostan məhsulları satılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada Bərdə, Goranboy və Ağstafa fermerləri satışa bol meyvə-tərəvəz çıxarmışdılar. Bu məhsullar da bazardakından ucuz qiymətlərə satılırdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Savalan Seyfəndinovun verdiyi məlumata görə, Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkada şənbə-bazar günləri alıcılara Xaçmaz, İmişli, Tərtər, Tovuz, Oğuz, Astara rayonlarından gətirilmiş 48,7 ton kənd təsərrüfatı məhsulları təklif olunmuşdur.
######