REGİONLAR
BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 5 yanvar (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, yanvarın 4-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
Bazar günü havanın şaxtalı olmasına, güclü qardan sonra buz bağlamış yollarda gediş-gəlişin çətinliyinə baxmayaraq, A.Şərifzadə küçəsində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkada qələbəlik idi. Məhsulların bolluğu, qiymətlərin bazarlardakından xeyli ucuz olması alıcıların seçim imkanlarını artırırdı. Dəvəçi, Qusar, Salyan, Astara, Quba, İmişli və digər rayonların fermerləri şənbə və bazar günü burada 69 tona yaxın məhsul satmışlar.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Balakən, Gədəbəy, Samux, Daşkəsən, Quba, Biləsuvar rayonlarının fermerləri iki gün ərzində 60, “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad fermerləri 8 ton məhsul satmışlar.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkada Qəbələ, Qax, Ağcabədi, Biləsuvar, Quba, Salyan, Kürdəmir və Şəmkir rayonlarının fermerləri satışa müxtəlif çeşiddə kənd təsərrüfatı məhsulları çıxarmışdılar. Şəhər sakinləri qiymətləri bazardakından xeyli ucuz olan almanı, narıngini, kartofu, narı və digər məhsulları həvəslə alırdılar. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Namiq Qüdrətovun verdiyi məlumata görə, şənbə və bazar günləri yarmarkada 237 tondan çox məhsul, o cümlədən 6,4 ton ət, 4 ton ağartı, 122 ton meyvə satılmışdır.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada bazar günü alıcılara Ağsu və Qazax rayonlarından gətirilmiş kələm, nar, kök, kartof, alma, çuğundur, soğan, digər çeşiddə meyvə-tərəvəz, bostan və süd məhsulları təklif olunmuşdur. Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini Elxan Abdullayevin sözlərinə görə, iki gün ərzində yarmarkada 21 tondan çox kənd təsərrüfatı məhsulları satılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada isə Bərdə, Goranboy və Ağstafa fermerləri satışa keyfiyyətli məhsullar çıxarmışdılar. Bu məhsulların da qiyməti bazardakından xeyli ucuz olmuşdur.
######