MƏDƏNİYYƏT
BAKIDA KEÇİRİLƏCƏK “AİTF” 9-CU AZƏRBAYCAN BEYNƏLXALQ TURİZM VƏ SƏYAHƏTLƏR SƏRGİSİNDƏ 24 ÖLKƏNİN ŞİRKƏTLƏRİ MƏHSUL VƏ XİDMƏTLƏRİNİ NÜMAYİŞ ETDİRƏCƏKLƏR
Bakı, 27 aprel (AZƏRTAC). Aprelin 28-dən 30-dək Bakıda keçiriləcək “Aitf” 9-cu Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisində 24 ölkənin 120-dən çox şirkəti məhsul və xidmətlərini nümayiş etdirəcəklər.
Bu barədə sərginin təşkilatçısı “İteca Caspian” şirkətinin icraçı direktoru Fərid Məmmədov aprelin 27-də keçirilən mətbuat konfransında məlumat vermişdir. Bildirmişdir ki, Heydər Əliyev adına İdman–Konsert Kompleksində keçiriləcək sərginin ekspozisiya sahəsi ötən ilə nisbətən 20 faiz artmışdır. Bu il sərgidə 14 ölkə öz milli stendi ilə çıxış edəcəkdir.
Mədəniyyət və turizm nazirinin müavini Aydın İsmiyev sərgidə ilk dəfə olaraq Azərbaycanın regional turizm potensialını əks etdirən böyük pavilyonun açılacağını diqqətə çatdırmışdır. Pavilyon ölkəmizin istirahət zonaları, sanatoriya və mehmanxanalarına həsr olunacaqdır. Ziyarətçilər hər bir regionun milli koloritini duymaqla yanaşı, Azərbaycanın zəngin folkloru, mətbəxi və ənənələri ilə yaxından tanış ola biləcəklər.
Sərgidə ziyarətçilər və iştirakçılar internetə simsiz daxil olmaq imkanı ilə təmin ediləcəklər. Daha bir yenilik isə sərgi ərazisində quraşdırılmış informasiya köşkləridir. Bu köşklərdən istifadə etməklə ziyarətçilər sərgi, eləcə də müxtəlif tədbirlərin keçirildiyi yerlər barədə məlumatlar əldə edəcəklər.
Türkiyə ilk dəfə olaraq sərgidə tərəfdaş ölkə kimi çıxış edəcəkdir. Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və tanıtma müşaviri Aytəkin Yılmaz Azərbaycanda turizm sektoruna göstərilən diqqəti yüksək qiymətləndirmişdir. O, bu gün Türkiyənin turizm sahəsində əldə etdiyi böyük təcrübəni Azərbaycanla bölüşməklə bu sahədə ölkəmizlə əməkdaşlığa böyük əhəmiyyət verdiklərini bildirmişdir.
“Aitf” 9-cu Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə yanaşı, “Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar” 4-cü Qafqaz beynəlxalq sərgisi də keçiriləcəkdir. Sərgidə mehmanxanalar, restoranlar və supermarketlər üçün kompleks təchizat, ticarət köşkləri, mətbəx avadanlığı, qəlyanaltı sistemləri və s. nümayiş olunacaqdır.
Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Dünya Turizm Təşkilatı, Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəsmi dəstəyi ilə keçiriləcəkdir.
######