MƏDƏNİYYƏT
BAKIDA KEÇİRİLƏN “AİTF” IX AZƏRBAYCAN BEYNƏLXALQ TURİZM VƏ SƏYAHƏTLƏR SƏRGİSİNDƏ 24 ÖLKƏNİN ŞİRKƏTLƏRİ MƏHSUL VƏ XİDMƏTLƏRİNİ NÜMAYİŞ ETDİRİRLƏR
Bakı, 28 aprel (AZƏRTAC). Aprelin 28-də Bakıda, Heydər Əliyev adına İdman–Konsert Kompleksində açılmış “AİTF” IX Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisində 24 ölkənin 120-dən çox şirkəti məhsul və xidmətlərini nümayiş etdirir.
“İteca Caspian” şirkətinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyi, Dünya Turizm Təşkilatı, Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəsmi dəstəyi ilə keçirilən sərgidə 14 ölkə öz milli stendi ilə çıxış edir. Bu ölkələr sırasında “AİTF” sərgisinin Azərbaycan, Yunanıstan, Gürcüstan, Malayziya, Türkiyə, Özbəkistan və Çexiya kimi daimi iştirakçıları ilə yanaşı, cari ilin debütantları – Rusiya, Misir, Hindistan, İtaliya, Mavriki, Maldiv adaları, Tailand da vardır.
Sərgidə ilk dəfə olaraq Azərbaycanın regional turizm potensialını əks etdirən böyük pavilyon açılmışdır. Pavilyon ölkəmizin istirahət zonaları, sanatoriya və mehmanxanalarına həsr olunmuşdur. Burada ziyarətçilər hər bir regionun milli koloritini duymaqla yanaşı, Azərbaycanın zəngin folkloru, mətbəxi və ənənələri ilə yaxından tanış ola biləcəklər.
Bundan əlavə, sərginin ziyarətçiləri və iştirakçıları internetə simsiz daxil olmaq imkanı ilə təmin edilmişlər. Daha bir yenilik isə sərgi ərazisində quraşdırılmış informasiya köşkləri ilə əlaqədardır. Bu köşklər vasitəsilə ziyarətçilər sərgi, eləcə də müxtəlif tədbirlərin keçirildiyi yerlər barədə məlumatlar əldə edirlər.
Sərgi çərçivəsində turizm sektorunun peşəkarları üçün İsveçrə, BƏƏ, İsrail və İtaliyada turizmin təşkilinə dair seminarlar keçiriləcəkdir.
“AİTF” IX Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə yanaşı, “Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar” IV Qafqaz Beynəlxalq sərgisi də keçirilir. Sərgidə mehmanxanalar, restoranlar və supermarketlər üçün kompleks təchizat, ticarət köşkləri, mətbəx avadanlığı, qəlyanaltı sistemləri və s. nümayiş olunur.
Sərgilər aprelin 30-dək davam edəcəkdir.
######