RƏSMİ XRONİKA
BAKIDA “XƏTAİ” TİCARƏT VƏ İSTİRAHƏT MƏRKƏZİ İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR
Mayın 23-də Bakının Xətai rayonu ərazisində (Nobel prospekti ilə N.Rəfiyev küçəsinin kəsişməsində) “Xətai” ticarət və istirahət mərkəzi istifadəyə verilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev bu münasibətlə keçirilən mərasimdə iştirak etmişdir. Dövlətimizin başçısını buraya toplaşan paytaxt sakinləri, mərkəzin işçiləri hörmət və ehtiramla qarşıladılar.
Prezident İlham Əliyev mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi, ticarət və istirahət obyekti ilə yaxından tanış oldu.
Mərkəzin direktoru Abdulla Abdullayev məlumat verərək bildirdi ki, tikintisinə 18 ay bundan əvvəl başlanmış bu obyekt 8 mərtəbədən ibarətdir. Ümumi sahəsi 177 min 369 kvadratmetrdir ki, bunun da 24 min 335 kvadratmetrini yeraltı avtomobil dayanacağı təşkil edir. Birinci mərtəbənin ticarət sahəsi 12 min 317, yardımçı sahəsi 8 min 611, inzibati sahəsi 811 kvadratmetrdir. İkinci mərtəbədə isə ticarət sahəsi 9 min 202, yardımçı sahə 9 min 450, inzibati sahə isə 348 kvadratmetrdir. Üçüncü-yeddinci mərtəbələrdə 380-dək ofis fəaliyyət göstərəcəkdir. Hər mərtəbədə 10 min 562 kvadratmetr əsas sahə, 7 min 974 kvadratmetr köməkçi sahə vardır.
Mərkəzdə ticarət xidməti, sığorta, bank, diaqnostika, bərbərxana, çamaşırxana (kimyəvi təmizləmə), cari tikiş xidməti, atelye, yeməkxana, uşaq əyləncə mərkəzi, biznesklub, konfrans salonu, sağlamlıq mərkəzi, tərcümə mərkəzi fəaliyyət göstərəcəkdir. Burada müxtəlif sahələrdə təxminən 6 min nəfər işləyəcəkdir. Binada 29 lift və 12 ekskalator quraşdırılacaqdır. Mərkəzin ümumi smeta dəyəri 280 milyon manatdır. Hazırda birinci mərtəbə tam istifadəyə verilmiş, digər mərtəbələrdə son tamamlama işləri aparılır və 1200 nəfər işlə təmin olunmuşdur.
Dövlətimizin başçısı mərkəzin ayrı-ayrı sahələrini gəzdi, burada satılan malların keyfiyyəti və qiyməti ilə maraqlandı. Prezident İlham Əliyev buranın Bakıda ən böyük ticarət mərkəzi olduğunu vurğuladı və dedi ki, müasir standartlara cavab verir və gözəl arxitekturaya malik binadır. Xarici görünüşü də yüksək səviyyədədir. İnsanların rahat və mədəni şəraitdə işləməsi üçün gözəl şərait yaradılmışdır.
Azərbaycan Prezidenti “Xətai” ticarət və istirahət mərkəzinin xarici görünüşünü seyr etdi, ətraf ərazidə aparılan abadlıq işləri ilə maraqlandı, paytaxtda gözəl memarlıq üslubunda tikilmiş binalarda müasir işıqlandırma sisteminin quraşdırılmasının zəruriliyini bildirdi.