İQTİSADİYYAT
BAKILI MAŞINQAYIRANLARIN HAZIRLADIĞI YENİ TİPLİ MANCANAQ DƏZGAHI QAZAXISTANDA SINAQDAN KEÇİRİLİR
“Azneftkimyamaş” Açıq Səhmdar Cəmiyyətinin “Bakı fəhləsi” zavodunda yeni tipli mancanaq dəzgahının sınaq nümunəsi yaradılmışdır.
Müəssisədən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu yaxınlarda buraxılmış “MD-56-80-4,5” markalı mancanaq dəzgahı özündən əvvəlkı “MD-8”-in tamamilə təkmilləşdirilmiş formasıdır, həm də istehsal gücü ondan 50 faiz artıqdır. Yeni məhsulun ilk dəsti Qazaxıstana göndərilmişdir, hazırda mədən sınağından keçirilir. Sınaq müddəti başa çatandan sonra, əgər qazax neftçilər sifariş verərsə, dəzgahın kütləvi istehsalına başlanacaq və həmin ölkəyə göndəriləcəkdir.
Neft sənayesində ən zəruri avadanlıq sayılan mancanaq dəzgahlarının istehsalında quyuların dərinliyi əsas meyar kimi götürülür. Ona görə də dərinliyi nisbətən az olan quyular üçün də “MD-6” markalı dəzgah buraxmaq nəzərdə tutulmuşdur. Kütləvi istehsal isə sifarişdən asılı olacaqdır.