İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA NÖVBƏTİ HƏRRACLARIN YEKUNLARI
Birjanın analitik-informasiya şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 1 milyon 690 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4913 manata bərabər olmuşdur. Təklif 1 milyon 690 min ABŞ dolları və tələb 1 milyon 547 min ABŞ dolları həcmində olduğu halda manatın məzənnəsi 1 bənd artaraq, 1 ABŞ dolları üçün 4912 manat təşkil etmişdir.
Birja elektron hərracları sistemində (BEST) ABŞ valyutasının qiyməti 1 USD üçün 4911,25 manat həddində olmuşdur. USD/AZM T+0 aləti ilə BEST-də 3 milyon 345 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalentində 16,428 milyarda bərabər idi. Bir əqd, orta hesabla, 477,857 min dollara bərabər olmuşdur. Tələb olmadığından dilerlər USDAZM T+1, T+2 alətləri üzrə əqdlər bağlamamışlar. AVRAZM və RURAZM alətləri üzrə banklar tərəfindən sifarişlər daxil olmamışdır.
Banklar BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında illik 10 faizlə 1,210 milyard manat və 200 min ABŞ dolları həcmində kreditlər yerləşdirmək üçün sifarişlər vermişlər. Sentyabrın 8-də birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.