İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA NÖVBƏTİ HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 600 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4917 manata bərabər olmuş və hərracların sonunadək dəyişməz qalmışdır. Təklif və tələb 600 min dollar olmuşdur.
Elektron hərraclarının birja sistemində (BEST) ABŞ valyutasının qiyməti 1 USD üçün 4916,84 manat həddində idi. USDAZM T+0 aləti üzrə BEST-də 1 milyon 846 min dollara bərabər məbləğ qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 9,076 milyard təşkil edir. Bir əqdə, orta hesabla, 230 min 750 dollar düşmüşdür.
USD/AZM T+1 və T+2 aləti üzrə dilerlər tərəfindən tələb olmadığından əqdlər bağlanmamışdır.
BEST-də RUR/AZM TOM aləti üzrə 1 RUR üçün 165,77 manat məzənnə ilə üst-üstə 30 min rubl məbləğində əqd bağlanmışdır.
BEST-də AVR/AZM aləti üzrə banklar sifariş verməmişlər.
Banklar BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında ümumən 6 milyard 117 milyon manat məbləğində kreditlər cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Dekabrın 1-də birjada kredit alətləri üzrə banklar arasında əqdlər bağlanmamışdır.