ELM VƏ TƏHSİL
BAKI DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ŞURASININ İCLASI OLMUŞDUR
Bakı, 8 iyul (AZƏRTAC). Bakı Dövlət Universitetinin (BDU) Xızı rayonunun Altıağac qəsəbəsindəki Tədris-Təcrübə Mərkəzində bu ali məktəbin elmi şurasının iclası olmuşdur.
Alimlərin, təhsil işçilərinin iştirak etdikləri iclasda BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı” nın əhəmiyyətini vurğulamışdır.
Rektor rəhbərlik etdiyi ali məktəbin fəaliyyətindən danışaraq, burada elmin müxtəlif istiqamətləri üzrə səmərəli tədqiqatların aparıldığını bildirmişdir.
Sonra yay imtahan sessiyasının nəticələri, tədris təcrübələrinin keçirilməsi və digər məsələlərlə bağlı müzakirələr aparılmış, qarşıda duran vəzifələr diqqətə çatdırılmışdır.
BDU-nun 20-dən çox əməkdaşı professor elmi adına layiq görülmüşdür. Təhsildə fərqlənən müəllim, dekan və kafedra müdirlərinə fəxri fərmanlar, hədiyyələr təqdim olunmuşdur.