Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“BAKI ŞƏHƏRİNDƏ NƏQLİYYAT SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ ÜZRƏ 2008–2013-CÜ İLLƏR ÜÇÜN ƏLAVƏ TƏDBİRLƏR PLANI”NIN TƏSDİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

“Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006 – 2007-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 1 fevral tarixli 1255 nömrəli Sərəncamına müvafiq olaraq Bakı şəhərində mövcud olan nəqliyyat problemlərinin həll edilməsi, ümumilikdə paytaxtın nəqliyyat sisteminin inkişafının və səmərəli işinin təşkil edilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.

Bakı şəhərində yeni körpülərin, yeraltı və yerüstü keçidlərin, çoxmərtəbəli avtomobil dayanacaqlarının layihələndirilməsi və tikilməsi, mövcud yol qurğularının təmiri və yenidən qurulması sahəsində aparılan işlərin davam etdirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008 – 2013-cü illər üçün əlavə Tədbirlər Planı” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

2.1. bu Sərəncamın 1-ci bəndi ilə təsdiq edilmiş əlavə Tədbirlər Planından irəli gələn məsələlərin maliyyələşdirilməsi üçün zəruri tədbirlər görsün;

2.2. ölkənin avtomobil yollarının müasir tələblərə uyğun yenidənqurulması ilə əlaqədar olaraq avtomobil yolları və yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanunvericilik aktlarına müvafiq əlavə və dəyişikliklərin edilməsi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. bu Sərəncamın 1-ci bəndi ilə təsdiq edilmiş əlavə Tədbirlər Planının həyata keçirilməsini əlaqələndirsin və onun icrası barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 iyul 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin