MƏDƏNİYYƏT
BAKI TURİZM İNFORMASİYA MƏRKƏZİ RUSİYA TURİZM SƏNAYESİ İTTİFAQININ ÜZVÜ OLMUŞDUR
Moskva, 24 sentyabr (AZƏRTAC). Moskvadakı “Krokusekspo” sərgi-kompleksində payız turizm biznesi həftəsi davam edir. Burada artıq üç beynəlxalq turizm sərgisi təşkil edilmişdir. Bu tədbir çərçivəsində keçirilmiş İşgüzar Turizm üzrə Beynəlxalq konfransın işində Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev iştirak etmişdir.
Z.Əliyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, konfransda işgüzar turizmin inkişaf perspektivləri və turizmin coğrafiyasının genişləndirilməsi ilə əlaqədar aktual məsələlər müzakirə edilmişdir. Onun sözlərinə görə, Bakı Turizm İnformasiya Mərkəzinin (BTİM) Rusiya Turizm Sənayesi İttifaqına (RTSİ) üzv olması ölkəmiz üçün əlamətdar hadisədir. Zakir Əliyev demişdir: “RTSİ-nin İcraiyyə Komitəsinin iclasında bizə təşkilatımızın Rusiya Turizm Sənayesi İttifaqına üzv olması barədə şəhadətnamə təqdim edilmişdir. RTSİ Rusiyanın ən iri operatorlarının, müxtəlif turizm assosiasiyalarının və KİV-lərin daxil olduğu iri sahəvi birlikdir. Çox xoşagələn haldır ki, Azərbaycan bu ittifaqın sayca 12-ci xarici üzvü olmuşdur. Hesab edirəm ki, bu, çox mühüm hadisədir və şübhəsiz, Rusiya ilə Azərbaycan arasında, ölkələrimizin turizm operatorları arasında əlaqələr yaratmağa və sıx əməkdaşlıq qurmağa kömək edəcəkdir. Bu, həm Rusiyada, həm də Azərbaycanda turizm biznesinin inkişafına şərait yaradacaqdır”.
BTİM-in rəhbəri onu da bildirmişdir ki, ölkəmizlə qarşılıqlı sərfəli əməkdaşlıq qurmaq arzusunu bildirmiş aparıcı turizm operatorları Azərbaycana dəvət edilmişlər. Onlar ölkəmizin, o cümlədən Azərbaycan regionlarının malik olduğu çox böyük turizm potensialı ilə tanış olacaqlar.
Qeyd etmək lazımdır ki, Bakı Turizm İnformasiya Mərkəzi 2005-ci ildə yaradılmışdır. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin tərkibinə daxil olan bu struktur bölməsinin Azərbaycanın regionlarında 6 filialı fəaliyyət göstərir. Zakir Əliyevin vurğuladığı kimi, Bakı Turizm İnformasiya Mərkəzi əsas məqsədi Bakıya gələn əcnəbi turistləri müvafiq informasiya ilə təmin etməkdən ibarət olan yeganə dövlət xidmətidir. BTİM-in rəhbəri sonda demişdir: “Hazırda biz Heydər Əliyev adına beynəlxalq aeroportda daha iki turizm ofisi açmağı planlaşdırırıq. Şəhərimizə gələn turistlər bilavasitə həmin ofislərdə bütün zəruri informasiya ilə tanış ola biləcəklər. Bizim mərkəz Azərbaycanın turizm potensialını təbliğ edən müxtəlif çap məhsullarının nəşri ilə məşğul olur. BTİM Azərbaycanda ilk dəfə olaraq “Birinci milli turizm mükafatı” təsis etmişdir. Bu mükafat qaliblərə sentyabrın 27-də - ümumdünya turizm günündə təqdim ediləcəkdir”.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva