CƏMİYYƏT
BAMF-da BMT-nin xüsusi məruzəçisi ilə görüş keçirilib
Bakı, 21 sentyabr, AZƏRTAC
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyev və Azərbaycan Demokratiyanın İnkişafı və İnsan Haqları Müdafiəsi Fondunun sədri Murad Sadəddinov BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forst ilə görüşüb.
Görüşdə Murad Sadəddinov BMT-nin xüsusi məruzəçisinə Azərbaycanda son illər insan hüquq və azadlıqları və penitensiar xidmət sahəsində görülən işlər, aparılan islahatlar barədə məlumat verib. O, diqqəti bəzi beynəlxalq qurumların əsassız təzyiq siyasətinə cəlb edərək bunun heç də müsbət nəticəsinin olmayacağını vurğulayıb. Əlavə edib ki, hökumət və yerli hüquq müdafiəçiləri arasında dialoqun səmərəliliyi kənardan təzyiq cəhdlərindən daha çox nəticə verir. Amnistiya xarici təzyiq deyil, məhz yerli hüquq müdafiəçilərinin hökumətlə səmərəli, məqsədyönlü dialoqu sayəsində elan edilir.
Qonağın bu səfərinin uğurlu dialoq üçün mühüm əhəmiyyət kəsb etdiyini və bunun da son nəticədə Azərbaycanın vətəndaş cəmiyyəti üçün zəruri olduğunu qeyd edən BAMF-ın sədri Umud Mirzəyev əminliyini bildirib ki, bu səfərlə konstruktiv dialoqun əsası qoyulacaq. BMT-nin xüsusi məruzəçisinin diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı 100 minlərlə azərbaycanlının hüququnun pozulması faktına yönəldən U.Mirzəyev bildirib ki, Azərbaycan insanı müharibədən əziyyət çəkir: “Bizim torpaqlar işğal olunub. Bu torpaqlardan qaçqın və məcburi köçkün düşən insanlarımızın hüququndan heç kəs danışmır. Azərbaycan torpaqlarını işğal edən ermənilər dirilərin də haqqını pozur, ölülərin də. İşğal olunmuş torpaqlarımızda azərbaycanlıların çoxlu sayda dağıdılmış məzarı var. Minlərlə vətəndaşımız hələ də Ermənistan təcridxanalarında əsir həyatı yaşayır. Azərbaycanın ciddi səylərinə baxmayaraq, onların aqibəti ilə dünyanın heç bir insan hüquq müdafiəçisi, beynəlxalq təşkilatı maraqlanmır. Əgər bu məqamlar sizin də hesabatınızda yer almayacaqsa, onda bu hesabatı da Azərbaycanda heç kəs ciddiyə almayacaq”.