CƏMİYYƏT


BAMF-ın sədri yenidən Beynəlxalq Sülh Bürosunun Ali Şurasının üzvü və Qərbi Asiya ölkələri üzrə nümayəndəsi seçilib

A+ A

Bakı, 4 oktyabr, AZƏRTAC

Berlində Beynəlxalq Sülh Bürosunun (BSB) Dünya Konqresində məşhur beynəlxalq təşkilatın idarə heyəti üzvlərinin yeni seçkisi keçirilib. Bu mötəbər qurumda Azərbaycanı təmsil edən yeganə nümayəndə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev yenidən BSB idarə heyətinin üzvü seçilib.

Bu barədə AZƏRTAC-a BAMF-ın mətbuat xidmətindən məlumat verilib.

U.Mirzəyev növbəti 3 il ərzində bu təşkilatda Azərbaycanı təmsil edəcək. BAMF sədri, Beynəlxalq Sülh Bürosunun Ali Şurasının üzvü olmaqla yanaşı, həm də Qərbi Asiyanın 18 ölkəsi (Azərbaycan, Gürcüstan, Ermənistan, Qətər, Yəmən, Fələstin, Oman, İsrail, İordaniya, Səudiyyə Ərəbistan, Türkiyə, Kipr, Livan, Bəhreyn, İraq) və konflikt bölgələri üzrə nümayəndəsidir. Qeyd edək ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu bu missiyanı yerinə yetirən ilk Azərbaycan QHT-sidir.

Beynəlxalq Sülh Bürosunun Dünya Konqresi dünyanın ən böyük beynəlxalq sülhü təbliğ edən tədbirlərindən biri sayılır. Tədbirə müxtəlif ölkələrdən Nobel mükafatçıları, alimlər, siyasətçilər, din adamları və sülh çağırışçısı olan ictimai xadimlər qatılıblar. Tədbirdə müxtəlif ölkələrdən ümumilikdə 1000-ə yaxın nümayəndə iştirak edib.

Konqresdə dünyada kifayət qədər nüfuza sahib olan şəxslər - 2011-ci il Nobel sülh mükafatı laureatı, əslən Yəməndən olan Təvəkkül Karman, “Right Livelihood Award” mükafatının yaradıcısı Jakob von Uexküll, bu mükafatın laureatları Vandana Şiva və Alyn Vare, Ceyms Qalbreis, Noam Çomski kimi görkəmli iqtisadçılar (video vasitəsilə) və Samir Amin, dünya siyasətinə yön verən məşhur Roma klubunun vitse-prezidenti Ernst Ulriç von Veizsaker, UTİC və UNI qlobal birliklərinin baş katibləri Şaran Burrou və Filip Cenninqs, UNESCO-nun keçmiş baş direktoru Federiko Mayor Zaraqoza, Ekvadorun keçmiş müdafiə katibi və bu ölkənin BMT-nin Cenevrə ofisindəki keçmiş nümayəndəsi Maria Fernanda Espinosa Qarces, BMT Geneva ofisinin baş direktoru Maykl Moller, Beynəlxalq Sülh Bürosunun idarə heyətinin üzvləri və başqa şəxslər də iştirak ediblər.

Azərbaycanı təmsil edən U.Mirzəyev tədbir çərçivəsində dünyada silahlanmanın əleyhinə qarşı keçirilən aksiyaya qatılmaqla yanaşı, bir sıra vacib görüşlər keçirib, danışıqlar aparıb.

Müzakirələr zamanı Cənubi Qafqazda baş verən münaqişələrin yaratdığı çətin vəziyyətdən, qaçqın və məcburi köçkünlərin ağır həyat şəraitindən, münaqişələrin həlli istiqamətində qəbul edilən beynəlxalq hüquqi aktların və qətnamələrin icra edilməməsindən, ikili standartların yaratdığı qəbuledilməz status-kvodan danışan Umud Mirzəyev Azərbaycan dövlətinin və hökumətinin daim sülh proseslərinə dəstək verdiyini, regionda sülhün və sabitliyin qarantı olduğunu bildirib.

Qeyd edək ki, Beynəlxalq Sülh Bürosu Avropadan və Şimali Amerikadan olan Milli Sülh cəmiyyətlərinin keçirdiyi Beynəlxalq Sülh bürolarının konstitusiyaları, illik geniş toplantıları nəticəsində 1892-ci ildə təsis edilib. 1901-1982–ci illərdə Büronun 13 əməkdaşı Nobel sülh mükafatına layiq görülüb. Büronun özünə isə bu ali mükafat 1910-cu ildə təqdim edilib. MakBrayd Sülh mükafatı isə BSB tərəfindən hər il bir şəxsə və ya təşkilata sülh, tərk-silah və ya insan hüquqları üzrə təqdim edilən xüsusi mükafatdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.