ELM VƏ TƏHSİL
BANM-də Layihələrin İdarə Edilməsi Məktəbi açılıb
Bakı, 19 may, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) Layihələrin İdarə Edilməsi Məktəbinin (SPM) açılışı olub. Məktəb BANM, BP və onun tərəfdaşları, o cümlədən layihələri idarə edilməsi sahəsində aparıcı beynəlxalq təlim şirkəti olan “TwentyEighty Strategy Execution” tərəfindən təşkil edilib.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, tədbirə SOCAR-ın, BP-nin rəhbər heyəti, ölkəmizin bir sıra ali təhsil müəssisələrinin və beynəlxalq şirkətlərin təmsilçiləri, həmçinin SPM-in iştirakçıları qatılıblar. SPM-in iyirmi altı tələbəsi ilə yanaşı, SOCAR, BP, “ATLANTIC WASTE SOLUTIONS”, “PAŞA Həyat Sığorta” ASC, Pasha Holding, Gilan Tekstil Parkı, Bakı Şəhər Halqası şirkətlərinin və Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin əməkdaşları iştirak ediblər.
Tədbirdə BANM-in rektoru Elmar Qasımov SPM-in Azərbaycan üçün çox önəmli məktəb olmasından, yerli insan resurslarına və ümumilikdə, layihələrin idarə edilməsi üzrə bacarıqların inkişafına verəcəyi töhfədən danışıb. Rektor, layihənin beynəlxalq səviyyəli mütəxəssislər yetişdirməkdə əhəmiyyətli rolunu vurğulayıb.
SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib ki, SPM ölkənin elmi və təhsil potensialının inkişafına kömək etmək məqsədilə yaradılıb. Bu proqram vasitəsilə iqtisadiyyatın bütün sahələrindən orta və yüksək səviyyəli menecerlərə layihələrin idarə edilməsi sahəsində öz bacarıqlarını və biliklərini inkişaf etdirməyə kömək göstəriləcək.
BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli qeyd edib ki, layihə indiyədək BP-nin öz tərəfdaşları ilə birlikdə maliyyələşdirdiyi ən uğurlu ixtisasartırma və yerli potensialın yaradılmasına dəstək göstərilməsi təşəbbüslərindən biridir. Artıq bu məktəb yerli potensialı inkişaf etdirən beynəlxalq məzmunlu, davamlı bir təlim müəssisəsinə çevrilib.
SOCAR-ın geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov və yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov məktəbin tələbələrinə uğurlar arzulayıb, təlim proqramının iştirakçıları üçün onların gələcək karyeralarında uğur qazanmaqlarına birbaşa təsir edəcəyini bildiriblər.
“TwentyEighty Strategy Execution” şirkətinin əməkdaşı, biznes inzibatçılığı üzrə magistr, SPM-in təlimçisi Didye Estibal BANM-də iştirakçılar üçün yaradılan şərait və imkanların yüksək səviyyədə olmasından, SPM-də iştirak edən mütəxəssislərin layihələrin idarə edilməsi, planlaşdırma və büdcəyə nəzarət, risklərin idarə edilməsi, layihələrdə liderlik və keyfiyyət kimi aspektləri daha dərindən öyrənmək imkanı əldə edəcəklərini vurğulayıb.
Bildirilib ki, layihənin məqsədi həm də yerli təlim müəssisəsinin bacarıqlarını artırmaqdır. Buna görə də ilkin mərhələdə kurslar ingilis dilində keçiriləcək və iki-üç ildən sonra proqramı Azərbaycan dilində tədris etmək üçün yerli mütəxəssislər hazırlanacaq.
SPM proqramı 2011-ci ildə BP və onun tərəfdaşları tərəfindən layihələrin beynəlxalq standartlar əsasında idarə olunması ilə bağlı yerli tələbi ödəmək məqsədilə təsis edilib. “TwentyEighty” şirkətinin texniki dəstəyi və yerli tərəfdaşla birgə həyata keçirilən proqram yeddi moduldan (10 ay) ibarətdir və yekunda ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatının verilməsi nəzərdə tutulur. Başlandığı gündən etibarən proqramda 98 müxtəlif qurumu təmsil edən 300-dən artıq mütəxəssis iştirak edib. BANM-in dəstəyi ilə proqramın dördüncü mərhələsinin həyata keçirilməsinə başlanılıb. Bu mərhələdən sonra BANM proqramı müstəqil tədris etmək səlahiyyətini əldə edəcək.