ELM VƏ TƏHSİL
BANM-də “Schlumberger” şirkətinin təqdimatı olub
Bakı, 26 may, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) tələbələr üçün “Schlumberger” şirkəti tərəfindən iyulun 17-dən 22-dək Bakıda təşkil olunacaq yay düşərgəsi ilə bağlı təqdimat keçirilib. Tədbirdə BANM-in neft-qaz mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi, kimya mühəndisliyi ixtisasları üzrə təhsil alan ikinci, üçüncü və dördüncü kurs tələbələri iştirak ediblər. Şirkətin Xəzər regionunda kadrlar və universitetlərlə əlaqələr üzrə meneceri Asset İskakov “Schlumberger” şirkətinin təşkil etdiyi yay düşərgəsi barədə təqdimatla çıxış edib.
BANM–dən AZƏRTAC-a bildiriblər ki, təqdimatda “Schlumberger” şirkəti tərəfindən hər il bir həftəlik intensiv proqram əsasında təşkil olunan yay düşərgəsi, seçim mərhələləri, qəbul şərtləri, həmçinin şirkətin fəaliyyəti, Xəzər regionunda neft və qaz sənayesi üzrə təklif etdiyi xidmətləri və digər fəaliyyət istiqamətləri barədə geniş məlumat verilib.
Sonra şirkətin nümayəndəsi gənclərin suallarını cavablandırıb.
Yay düşərgəsində iştirak etmək istəyən tələbələr arasında seçim mərhələsinin ilk turu keçirilib. Növbəti mərhələdən uğurla keçən tələbələr yay düşərgəsində iştirak imkanı qazanacaqlar.
Qeyd edək ki, yay düşərgəsi “Schlumberger” şirkətində gələcəkdə neft və qaz sənayesi üzrə karyeralarını qurmaq istəyən tələbələr üçün keçirilir. Yay düşərgəsi zamanı öz fəaliyyəti ilə fərqlənənlərə işlə bağlı təkliflərin olacağı gözlənilir. Ümumilikdə düşərgədə müxtəlif ali məktəblərdə təhsil alan 16 tələbənin iştirakı nəzərdə tutulur.