CƏMİYYƏT


BANM-də tələbə gənclərin layihələrinə dəstək verilir

A+ A

Bakı, 11 oktyabr, AZƏRTAC

Bakı Ali Neft Məktəbində (BANM) Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Gənclər Birliyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Bakı Ali Neft Məktəbinin (BANM) birgə təşkilatçılığı ilə BANM-in proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının üçüncü kurs tələbəsi Pakizə Paşayevanın “I can or I must” (“Mən bacararam və yaxud etməliyəm”) adlı layihəsinin yekununa həsr olunmuş tədbir keçirilib.

BANM-dən AZƏRTAC-a bildirilib ki, BANM-in rektoru Elmar Qasımov bu ali təhsil ocağının qısa vaxtda əldə etdiyi uğurlardan danışıb, görülən işlər, perspektivlər haqqında məlumat verib. Rektor BANM-in yeni kampusunun artıq hazır olduğunu, tələbələrin potensialının üzə çıxarılması üçün orada daha geniş imkanların yaradıldığını bildirib. Tələbələrin inkişafı üçün bütün layihələrə və təşəbbüslərə dəstək göstərildiyi qeyd edilib.

P.Paşayeva müəllifi olduğu layihə barədə məlumat verib. O, gənclərin hərtərəfli inkişafı üçün Azərbaycanda bütün təminatların yaradılmasından söz açıb. Gənclərə dövlət səviyyəsində göstərilən qayğıdan danışan P.Paşayeva göstərilən dəstəyə görə BANM-in rəhbərliyinə təşəkkür edib.

Azərbaycan Respublikasının Prezidentı yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov gələcəkdə BANM-in tələbələrinin bir çoxunun dünyanın ən iri şirkətlərində, təşkilatlarında rəhbər mövqelərə sahib olacaqlarına əminliyini bildirib.

Azərbaycanda gənclər siyasətinin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu söyləyən, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə BANM-də gənclərin inkişafı və keyfiyyətli təhsil üçün hərtərəfli şəraitin yaradılmasını yüksək dəyərləndirib.

Digər çıxış edənlər ölkəmizdə aparılan uğurlu gənclər siyasəti, gənclərin siyasətdə rolu, müasir dövrdə ingilis dilinin əhəmiyyəti barədə danışıblar.

Sonra “I can or I must” layihəsinin qaliblərinə və iştirakçılarına sertifikat və medallar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.