ELM VƏ TƏHSİL
BANM-in tələbələri SOCAR-ın müəssisələrində təcrübə keçirlər
Bakı, 21 iyul, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) neft-qaz mühəndisliyi, kimya mühəndisliyi və proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasları üzrə təhsil alan tələbələri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) bir sıra müəssisələrində ödənişli və ödənişsiz əsaslarla yay istehsalat təcrübəsi keçirlər.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, təcrübə zamanı tələbələr komanda işi ilə tanış olur, ən son avadanlıq və texnologiyalardan istifadə etməklə müəssisələrin yüksək ixtisaslı, təcrübəli mütəxəssisləri ilə birlikdə müxtəlif layihə və əməliyyatlar həyata keçirirlər. Eyni zamanda, təcrübəçilər müxtəlif iş sahələrinə və obyektlərə səfər edir, istehsalat müəssisələrində iş prosesi, yataqların işlənməsi və neft-qaz hasilatı texnologiyaları ilə tanış olur, müasir cihaz və avadanlıqların iş prinsipi, quyuların qazılması və tamamlanması prosesi kimi, qazma məhlulları texnologiyası, avadanlığın quraşdırılması, keyfiyyətə zəmanət və digər istehsalat prosesləri barədə biliklər əldə edirlər. Tələbələr mütəxəssislər tərəfindən əməyin təhlükəsizliyi və ətraf mühit məsələlərinə dair təlimatlar alır, vaxtlarının səmərəli və əyləncəli təşkil olunması üçün komanda oyunları keçirirlər.
BANM-in rektoru Elmar Qasımov təcrübə müəssisələrində tələbələrin fəaliyyəti ilə tanış olub, onlara verilən imkanlardan səmərəli faydalanmağı tövsiyə edib.
Sonda tələbələrin təcrübələri barədə hazırlayacaqları təqdimatlar qrup rəhbərləri tərəfindən qiymətləndiriləcək.