ELM VƏ TƏHSİL
BANM-in tələbələrinın “Azərikimya” İstehsalat Birliyində təcrübə keçmələri üçün hər cür şərait yaradılıb
Bakı, 18 iyul, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov və bu təhsil müəssisəsinin bir qrup əməkdaşı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyinin (İB) müəssisələrində istehsalat təcrübəsi keçən tələbələrin fəaliyyəti və onlar üçün yaradılan şəraitlə yerindəcə tanış olmaq məqsədilə İB-nin Sumqayıtdakı etilen-polietilen zavodunda olublar.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, E.Qasımov zavodun müxtəlif istehsalat sahələrində təcrübədə olan tələbələrlə, onlara rəhbərlik edən və təlimat verən mütəxəssislərlə görüşüb. Zavodda gedən iş prosesi və təcrübə haqqında fikir mübadiləsi aparılan görüşdə rektor təcrübə ilə bağlı tələbələrin təəssüratlarını dinləyib, onlara təcrübə müddətində məsuliyyətli olmağı və yaradılan şəraitdən səmərəli faydalanmağı tövsiyə edib. Gənclərin karyera imkanlarının genişləndirilməsində bilik və bacarığın hər zaman öndə dayandığını deyən E.Qasımov vurğulayıb ki, hər bir gənc tələbəlik illərindən gələcək karyerası barədə düşünməlidir. Tələbələr gələcəkdə neftçi peşəsini layiqincə davam etdirmələri üçün BANM və SOCAR tərəfindən onlar üçün yaradılan imkanlardan faydalanmalıdırlar. Rektor “Azərikimya” İB-nin istehsalat müəssisələrində tələbələrin təcrübə keçmələri üçün yaradılan şəraiti yüksək dəyərləndirib.
“Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev BANM-in tələbələrinin istedadlı olduqlarını nəzərə çatdırıb, bu ali məktəbin apardığı təhsil siyasətini yüksək dəyrələndirib. O, BANM-in tələbələrinin gələcəkdə dünyanın neft-qaz, yanacaq-energetika və kimya sənayesində ən tələbatlı kadr olacaqlarına əminliyini bildirib.
Qeyd edək ki, ötən il BANM ilə “Azərikimya” İB arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Sənəddə İB-nin mütəxəssisləri tərəfindən BANM-in tələbələrinə və əməkdaşlarına neft-kimya texnologiyalarının inkişafı ilə bağlı məruzələrin təqdim edilməsi, neft-qaz emalı, neft-kimya və idarəetmə texnologiyalarının inkişafı məsələlərinə həsr olunmuş birgə seminarların və konfransların təşkili, habelə İB-nin əməkdaşları tərəfindən mütəxəssis hazırlığı ilə bağlı layihələrə ekspert rəylərinin verilməsi, tələbələrin kimya sənayesi və seçdikləri ixtisasların tətbiq olunduğu sahələr üzrə təcrübi biliklərinin artırılması, nəzəri biliklərin təcrübədə daha da zənginləşdirilməsi və digər məsələlər əksini tapıb.