ELM VƏ TƏHSİL
BANM və Heriot-Vatt Universiteti nümunəsində “EBSCO Discovery” xidmətlərindən istifadə
Bakı, 23 noyabr, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) bu ali təhsil ocağı və Heriot-Vatt Universitetinin nümunəsində “EBSCO Discovery” xidmətlərinin (EDS) resurslarından istifadəsi ilə bağlı informasiya bacarıqlarının inkişafına yönəlmiş təlim keçirilib.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, müəllimlər və yuxarı kurs tələbələri üçün təşkil olunan təlimi Çexiyanın “EBSCO Information Services” şirkətinin MDB üzrə regional meneceri İrina Kreysarova, bu qurumun Rusiya və MDB ölkələrində təlimlər üzrə mütəxəssisi Tamila Mirkamalova keçiblər.
Təlim çərçivəsində EDS bazasında BANM və Heriot-Vatt Universitetinin tammətnli elektron resurslarından elmi-tədqiqat və tədris proseslərində istifadə üzrə praktik məşqlər keçirilib. Həmçinin BANM-in “EBSCO Discovery” xidməti vasitəsilə ictimaiyyətə açıq olan 3 min 400-dən çox elektron kitabdan ibarət yeni kitabxana kolleksiyası təqdim edilib.
Təmsil etdiyi şirkətin BANM ilə uğurlu əməkdaşlığından danışan İ.Kreysarova deyib: “BANM-in kitabxanasını fərqləndirən cəhət burada innovasiya texnologiyalarından fəal istifadə olunmasıdır. Ali məktəbin əməkdaşları akademik biliklərin müasir elektron formatda gənclərə necə çatdırılmalı olduğunu yaxşı başa düşürlər. BANM-in təcrübəli müəllimləri yeni biliklərin öyrənilməsində maraqlıdırlar və ən qabaqcıl metodikaları mənimsəməyə hazırdırlar”.
“EBSCO Information Services” kitabxanalar üçün elektron resurslar təchiz edən aparıcı şirkətlərdən biridir. Şirkətin məhsulundan dünyanın 8 min 600-dən artıq universitetində elmi-tədqiqat məqsədilə istifadə olunur. BANM-də bu sistem 2015-ci ildən tətbiq olunur.