Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“BƏSİRƏT ÜNVANI” KİTABI TEHRANDA NƏŞR OLUNMUŞDUR

Respublikamızın İrandakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyevin “Bəsirət ünvanı” kitabı Tehranda ərəb əlifbası ilə Azərbaycan dilində nəfis şəkildə çapdan buraxılmışdır. Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və Büro üzvü İlham Əliyevin çoxcəhətli fəaliyyətinə həsr olunmuş bu kitab ötən il Bakıda nəşr edilmişdi. Əsərin Tehranda nəşr olunmasının təşəbbüsçüsü respublikamızın İrandakı səfiri Abbasəli Həsənovdur. 

Kitabın ilk fəslində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin yarıməsrlik bir dövr ərzindəki fəaliyyətindən, xüsusən son qərinədə ölkəmizin, xalqımızın tərəqqisi, yüksəlişi naminə gördüyü işlərdən, ötən əsrin axırlarında yenidən azadlığına qovuşmuş respublikamızın istiqlaliyyətinin qorunub saxlanması, Azərbaycanın dünya birliyində layiqli yerini tutması, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun təmin olunması sahəsindəki misilsiz xidmətlərindən söhbət açılır.

Sonrakı fəsillərdə İlham Əliyevin çoxcəhətli fəaliyyətindən geniş bəhs edilir. Müəllif yazır ki, İlham Əliyev həmişə proseslərin mərkəzində olur, işin həmişə ən ağırını, məsuliyyətlisini öz üzərinə götürür, konkret əməli fəaliyyətə üstünlük verir: “Mənim siyasətim ondan ibarətdir ki, əməli-praktiki işlərlə məşğulam. Azərbaycana xarici investisiyalar cəlb etməklə, yeni iş yerlərinin açılması ilə məşğulam. Mənim aləmimdə siyasət belə olmalıdır. Yəni siyasət hansısa konkret nəticə ilə yekunlaşmalıdır. Əsl siyasət konkret, real iş görməkdən ibarətdir”.

Kitabda çoxlu rəngli fotoşəkillər verilmişdir.

Əminik ki, bu kitab Azərbaycan-İran münasibətlərinin daha da inkişafına, İran ictimaiyyətində ölkəmiz haqqında daha aydın təsəvvürün formalaşmasına kömək edəcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin