MƏDƏNİYYƏT
BƏSTƏKAR QALİB MƏMMƏDOVUN MÜƏLLİF KONSERTİ OLMUŞDUR
Sentyabrın 26-da Mədəniyyət Nazirliyinin, Norveç Krallığının ölkəmizdəki səfirliyinin və Azərbaycan Dövlət Filarmoniyasının təşəbbüsü ilə Bakı kamera və orqan musiqisi zalında bəstəkar Qalib Məmmədovun Qafqaz Albaniyası tarixi muzeyinin açılışına həsr olunmuş müəllif konserti keçirilmişdir.
Kamera və orqan musiqisi zalında AZƏRTAC-ın müxbirinə demişlər ki, konsertdə Norveç Krallığının ölkəmizdəki səfiri Steynar Gil, Norveç yazıçısı Eyvind Şeyye və başqaları çıxış edərək, bəstəkar Qalib Məmmədovun “Alban Oratoriyası” əsərinin yaranmasından danışmışlar.
Sonra xalq artisti, Dövlət mükafatı laureatı Rauf Abdullayevin rəhbərliyi və baş dirijorluğu ilə Ü.Hacıbəyov adına Dövlət simfonik orkestrinin və əməkdar incəsənət xadimi Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Dövlət xor kapellasının ifasında bəstəkar Qalib Məmmədovun “Sirrlər xəzinəsi” baletindən süita və “Alban Oratoriyası” səslənmişdir.