REGİONLAR
BAZARLARDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ QİYMƏTLƏRİNİN SÜNİ ARTIMININ QARŞISI ALINIR
İYUNUN 17-DƏ BAKININ RAYONLARINDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ-YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 17-də Bakı şəhərinin Nəsimi, Xətai, Yasamal, Səbail, Suraxanı rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə - “Təzə bazar” MMC-nin həyətində, metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Bakı” kinoteatrının yanındakı “Azər” ticarət mərkəzində, Keşlə ticarət mərkəzində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığında, Badamdar qəsəbəsində, Qaraçuxur qəsəbəsindəki “Günəş” ticarət mərkəzində, Əmircan qəsəbəsindəki “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində kənd təsərrüfatı məhsullarının növbəti satış-yarmarkaları keçirilmişdir.
Sabirabad, Salyan, Samux, Balakən, Kürdəmir, Quba, Cəlilabad, Gədəbəy, Tovuz, Şəmkir, Şəki, Ağcabədi, Qəbələ, Qazax, Xaçmaz, Astara, Qobustan, Hacıqabul və digər rayonların fermerləri paytaxt sakinlərinə geniş çeşiddə kənd təsərrüfatı məhsulları təklif etmişlər.
İşçi qruplarından verilən məlumata görə, bazar günü yarmarkalarda satışa 100 tondan artıq müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları çıxarılmışdır. Həm fermerlər, həm də alıcılar yaradılmış şəraitdən razı qaldıqlarını bildirmişlər.
Kənd Təsərrüfatı Nazirliyinin, paytaxt rayonları icra hakimiyyətlərinin nümayəndələri tərəfindən yarmarkalarda satışın təşkilinə, məhsulların keyfiyyətinə və qiymətinə ciddi nəzarət olunmuşdur.