ELM VƏ TƏHSİL
BDU-da “2015-Çin Yeni iliniz mübarək” adlı tədbir
Bakı, 28 fevral, İbrahim Əsədov, AZƏRTAC
Fevralın 28-də Bakı Dövlət Universitetində (BDU) “2015-Çin Yeni iliniz mübarək” adlı tədbir keçirilib.
BDU-nun nəzdindəki Konfutsi İnstitutu tərəfindən təşkil olunan tədbirdə müvafiq qurumların nümayəndələri, azərbaycanlı və çinli tələbə gənclər iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə BDU-nun nəzdindəki Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru Oqtay Cəlilbəyli ölkəmiz ilə Çin arasındakı əlaqələrin, o cümlədən təhsil sahəsində əməkdaşlığın əhəmiyyətindən danışıb.
O.Cəlilbəyli, eyni zamanda, Bakı Dövlət Universitetinin Çin Xalq Respublikasının (ÇXR) Anhoy Universiteti ilə əlaqələri və BDU-nun nəzdindəki Konfutsi İnstitutunun fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, BDU-nun nəzdindəki Konfutsi İnstitutu 2011-ci ildə yaradılıb. Tələbələr, gənclər burada Cin dilini, ədəbiyyatını öyrənir, Çinin tarixi, mədəniyyəti ilə tanış olurlar.
Universitetin nəzdindəki Konfutsi İnstitutunun bu ali məktəbin “Gənc İstedadlar” liseyində, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, “ADA” Universitetində, Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC), Xəzər Universitetində və digər qurumlarda filialları yaradılıb.
Çinin Azərbaycandakı səfiri Xun Tsyuin ölkələrimizin dostluq münasibətlərindən bəhs edib. Diplomat BDU-nun nəzdindəki Konfutsi İnstitutunun fəaliyyətini yüksək dəyərləndirib.
Konfutsi İnstitutunun ÇXR tərəfindən direktoru Hu Fenxua Yeni il bayramı münasibətilə xoş arzularını bildirib.
Tədbirdə Çinin milli adət-ənənələri, mərasimləri, bayramları barədə məlumat verilib.
Sonra Çin Yeni ili bayramına həsr edilən şənlik olub.
AZƏRTAC-ın əməkdaşlarının, BDU-nun tələbələrinin, Konfutsi İnstitutunun gənc müdavimlərinin ifasında rəqslər, Çin xalq mahnıları və səhnəciklər təqdim edilib.
Konfutsi İnstitutunun keçirdiyi müvafiq müsabiqədə uğur qazanan gənclərə, o cümlədən AZƏRTAC-ın əməkdaşı Samirə Quliyevaya diplom və hədiyyələr təqdim olunub.