ELM VƏ TƏHSİL
BDU-da Avropa Hüququ Magistr Proqramı üzrə altı nəfər məzuna diplomlar təqdim olunub
Bakı, 24 noyabr, AZƏRTAC
Almaniyanın Vürsburq Universitetinin prorektoru, professor Exard Paxenin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.
AZƏRTAC xəbər verir ki, professor və müəllimlərin, tələbələrin iştirak etdikləri görüşdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti, beynəlxalq əlaqələri, o cümlədən Almaniya universitetləri ilə əməkdaşlıq barədə danışıb.
Rektor Bakı Dövlət Universiteti ilə Almaniyanın Vürsburq Universitetinin Avropa Hüququ Magistr Proqramı üzrə birgə tədris apardığını, müvafiq ixtisas üzrə magistrlərin hazırlandığını diqqətə çatdırıb. Qeyd olunub ki, proqram üzrə tədris alman və ingilis dillərində aparılır.
Görüşdən məmnun qaldığını bildirən professor Exard Paxen Avropa Hüququ Magistr Proqramı ilə bağlı fikirlərini diqqətə çatdırıb və universitetlərarası əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən bəhs edib.
Avropa Hüququ Magistr Proqramının inkişaf perspektivləri müzakirə olunub, Bakı Dövlət Universiteti ilə Vürsburq Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.
Sonra Avropa Hüququ Magistr Proqramı üzrə 6 nəfər məzuna diplomlar təqdim edilib.
Qonaqlar BDU-nun tədris şəraiti ilə də tanış olublar.