QAN YADDAŞI
BDU-da Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
Bakı, 26 fevral, AZƏRTAC
Fevralın 26-da Bakı Dövlət Universiteti tələbə həmkarlar ittifaqı komitəsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunan tədbir keçirilib, faciə qurbanlarının xatirəsi anılıb.
Tələbə həmkarlar ittifaqı komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu qurumun sədri Daşqın Qənbərov mənfur ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı törətdikləri dəhşətli cinayətlərdən danışıb. Qeyd olunub ki, tarixə qanla yazılan Xocalı faciəsi heç zaman unudulmayacaq.
BDU-nun tətbiqi riyaziyyat və kibernetika fakültəsi tələbə həmkarlar təşkilatının sədri Emil Vəliyev, jurnalistika fakültəsi tələbə həmkarlar təşkilatının sədri Azərpaşa Hüseynli və digər çıxış edənlər də erməni cəlladlarının vəhşiliklərindən danışıblar.
Xocalı qırğınına ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə hüquqi-siyasi qiymətin verildiyi vurğulanıb.