ELM VƏ TƏHSİL


BDU–da yay imtahan sessiyası ilə əlaqədar “Açıq qapı” günü təşkil olunub

Bakı, 7 iyun, AZƏRTAC

İyunun 7-də Bakı Dövlət Universitetində (BDU) bu ali məktəbin rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının təşəbbüsü, valideynlər, ictimaiyyət nümayəndələri, qeyri–hökumət təşkilatlarının iştirakı ilə 2016–2017-ci tədris ilinin yay imtahan sessiyası ilə əlaqədar “Açıq qapı” günü keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti barədə ətraflı məlumat verib. Müasir dünyada təhsilin mühüm rolunu qeyd edən rektor BDU–da bu sahənin inkişafı ilə bağlı reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb.

Sonra müəllim-koordinatorların bölgüsünə qatılan müşahidəçilər imtahanların gedişini universitetin Tədris Elektron Mərkəzindən izləyib, ayrı-ayrı auditoriyalarda olublar. “Açıq qapı” günü iştirakçıları imtahanların müşahidə kameraları quraşdırılmış xüsusi auditoriyalarda keçirilməsini yüksək dəyərləndiriblər. Tədbir iştirakçıları, eyni zamanda, cavabların yoxlanılması üçün universitetin hər korpusunda ayrılmış xüsusi otaqlarda olub, yazıların kodlaşdırılması, yoxlanılması və nəticələrin dekanlıqlara göndərilməsi prosesini izləyiblər.

BDU-da imtahanlar bir qayda olaraq yazılı formada aparılır, zərurət yarandığı hallarda rektorluğun qərarı əsasında bəzi fənlər üzrə imtahanlar şifahi-dialoq və ya test formasında keçirilir. İmtahanlarda gözdən əlil tələbələr üçün xüsusi şərait yaradılıb, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında könüllü kimi iştirak edən tələbələrə isə güzəştlər nəzərdə tutulur. Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədilə Qərargah və onun nəzdində universitet üzrə “Qaynar xətt” yaradılıb, təhsil müəssisəsinin əsas binasında və tədris korpuslarında şikayət, təklif və məlumatlar üçün hər gün mövcud qaydada möhürlənməklə xüsusi qutular təşkil edilib. İmtahanların nəticələri barədə şikayətlərə baxmaq və aşkar edilmiş çatışmazlıqları operativ şəkildə aradan qaldırmaq üçün Qərargahın nəzdində təbiət və humanitar fakültələr üzrə Apelyasiya komissiyaları yaradılıb.

“Açıq qapı” günü iştirakçıları imtahan prosesinin təşkilindən və keçirilməsindən, tələbələrə öz biliklərini ifadə etmək üçün yaradılan şəraitdən razı qaldıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.