ELM VƏ TƏHSİL
BDU ilə Britaniyanın ali təhsil müəssisələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Bakı, 7 sentyabr, AZƏRTAC
Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Karol Krofts və “British Council” təşkilatının ölkə üzrə direktoru xanım Elizabet Vayt Bakı Dövlət Universitetində (BDU) olublar.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, rektor, akademik Abel Məhərrəmov son illər universitetin beynəlxalq əlaqələr sahəsində əldə etdiyi uğurlardan, o cümlədən xarici ali təhsil ocaqları ilə əməkdaşlığından danışıb.
Söhbət zamanı BDU ilə əməkdaşlığın əhəmiyyətindən bəhs edən K.Krofts bu əlaqələrin daha da genişlənməsində maraqlı olduqlarını diqqətə çatdırıb.
Təmsil etdiyi təşkilatla universitet arasında səmərəli əməkdaşlığın qurulduğunu deyən E.Vayt vurğulayıb ki, artıq bu əlaqələr bir sıra sahələri əhatə edir.
Görüşdə, həmçinin əməkdaşlığın yeni istiqamətləri barədə fikir mübadiləsi aparılıb və təlimçilər üçün inkişaf proqramı, akademik mükəmməllik üzrə tədris kursu, tədris biliklərinin yoxlanılması testi kimi məsələlər müzakirə edilib.