ELM VƏ TƏHSİL
BDU ilə İranın ali təhsil ocaqları arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Bakı, 6 sentyabr, AZƏRTAC
İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin və İran Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimi Bakı Dövlət Universitetində (BDU) olublar.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə rektor, akademik Abel Məhərrəmov cari ilin avqustunda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli zirvə görüşünün əhəmiyyətindən danışıb. Rəhbərlik etdiyi ali təhsil ocağının İran universitetləri ilə əlaqələrindən bəhs edən A.Məhərrəmov BDU-da fars dili və ədəbiyyatının tədrisi, hər iki ölkənin alimlərinin müəllifi olduqları elmi jurnalın işıq üzü görməsi, İran filologiyası kafedrasında davamlı olaraq fars dili olimpiadası və bayramının keçirilməsi, kafedra müəllimlərinin İranın ali təhsil müəssisələrində təşkil olunan seminarlarda və konfranslarda iştirakı kimi məsələləri yüksək qiymətləndirib və bütün bu işlərdə səfirliyin və mərkəzin dəstəyini xüsusi vurğulayıb.
Tehran Universitetinin rektoru, doktor Nili Əhmədabadinin BDU-nun 95 illik yubileyində iştirakını, ali təhsil ocaqlarımız arasında əməkdaşlığa dair müqavilənin imzalandığını diqqətə çatdıran Abel Məhərrəmov ötən il Tehran Universitetinin 80 illik yubileyinə qatıldığını və bütün bu səfərlərin əməkdaşlığın inkişafına təkan verdiyini bildirib.
M.Pakayin səfir kimi fəaliyyət göstərdiyi dörd ildə BDU ilə əməkdaşlığı yüksək qiymətləndirib, bütün bu işlərin təşkili üçün universitet rəhbərliyinə minnətdarlığını bildirib. Diqqətə çatdırılıb ki, Təbriz Universitetinin rektorunun Azərbaycana səfəri çərçivəsində BDU-nu ziyarət edəcəyi planlaşdırılır.
Söhbət zamanı, həmçinin universitetdə fars dili və ədəbiyyatının yeni istiqamətdə tədrisi, kadr hazırlığı, nanotexnologiya sahəsində müəllim və tələbə mübadiləsi məsələləri müzakirə olunub.