ELM VƏ TƏHSİL
BDU-nun “Qeyri-şərtsiz” komandası çempion oldu
Bakı, 21 dekabr, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən “Respublika Gənclər Debat Forumu 2015: Payız kuboku” layihəsinin mükafatlandırma və bağlanış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən layihədə 500-dən artıq tələbə iştirak edib.
BDU-nun rektoru, akademik Abel Məhərrəmov Azərbaycanda gənclərə dövlət səviyyəsində göstərilən qayğıdan, Prezident İlham Əliyevin gənclərin inkişafı ilə əlaqədar imzaladığı sərəncamların əhəmiyyətindən, o cümlədən Bakı Dövlət Universitetində tələbə-gənclər üçün yaradılmış şəraitdən bəhs edib. Ölkəmizdə gənclərlə bağlı bir sıra uğurlu layihələrin olduğunu qeyd edən rektor, onları yaradılan şəraitdən səmərəli istifadə edərək biliklərini artırmağa, dövlətçiliyin inkişafı naminə fəaliyyətə səsləyib, 500-dən artıq gəncin iştirakı ilə keçirilən bu tədbirin də xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Seymur Hüseynov forum haqqında məlumat verib. Bildirib ki, layihənin məqsədi Prezidenti İlham Əliyevin Sərəncamı əsasında 2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi və gənclərin sözügedən mövzuda məlumatlılığını artırmaq, ölkəmizdə kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılmasına dəstək olmaqdan ibarətdir.
Daha sonra gənclər və idman nazirinin müavini İntiqam Babayev, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Respublikası Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Gəncə Regional Debat Mərkəzinin rəhbəri Nigar Ələsgərova çıxış edib, bu mövzuda tədbirlərin gənclərin intellektual inkişafına müsbət təsirindən bəhs ediblər.
Forumun fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildikdən sonra yekun mərhələnin nəticələrinə əsasən respublikanın ən yaxşı natiqləri seçilmiş gənclərə sertifikatlar təqdim olunub. Hakimlərin qərarı ilə forumun qalibi BDU-nu təmsil edən “Qeyri-şərtsiz” komandası olub. Qalib komanda “Payız Kuboku”nu əldə etməklə Respublika çempionu adını qazanıb.
Sonda qaliblərə mükafatlar təqdim edilib.