REGİONLAR


BDU-nun elmi şurası Ermənistan silahlı qüvvələrinin törətdiyi  hərbi cinayətlə əlaqədar dünya birliyinə çağırış edib VİDEO

Quba, 8 iyul, Elxan Yusifli, AZƏRTAC

Bakı Dövlət Universitetinin elmi şurasının genişləndirilmiş iclasında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində mülki şəxslərin həlak olması ilə əlaqədar dünya birliyinə çağırış edilib. Bildirilib ki, bu cinayət nəticəsində 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyeva həlak olub, digər kənd sakini yaralanıb. İclas iştirakçıları dünya birliyindən beynəlxalq hüquq normalarının Ermənistan tərəfindən kobud şəkildə pozulmasına ciddi reaksiya verilməsini tələb ediblər.

AZƏRTAC xəbər verir ki, iyulun 8-də BDU-nun Qubanın II Nügədi kəndində yerləşən Tədris-Təcrübə və İstirahət Mərkəzində keçirilən iclasda Alxanlı kəndində həlak olan mülki vətəndaşların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycanın bir sıra tanınmış elm xadimlərinin, Milli Məclisin deputatlarının iştirak etdiyi toplantıdan əvvəl ümummilli lider Heydər Əliyevin mərkəzdəki büstü önünə əklil qoyulub.

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov iclasda respublikamızda təhsilə yüksək dövlət qayğısından, bu sahənin dinamik inkişafından söz açaraq, Prezident İlham Əliyevin təhsilin inkişafı istiqamətində imzaladığı fərman və sərəncamlardan bəhs edib. Eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə tanınmasında mühüm rol oynayan IV İslam Həmrəyliyi Oyunları və Formula-1 yarışlarının ölkəmizdə keçirilməsinin əhəmiyyətindən danışıb.

Akademik Abel Məhərrəmov rəhbərlik etdiyi ali məktəbdə elmin, təhsilin inkişafı istiqamətində reallaşdırılan layihələrdən, qazanılan uğurlardan söz açarkən, bu il universiteti 4 minədək tələbənin bitirdiyini, onlardan təxminən 400-nün fərqlənmə diplomuna layiq görüldüyünü diqqətə çatdırıb.

İclasda elm və innovasiyalar üzrə prorektor, professor Aydın Kazımzadə BDU-nun Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan universitetə çevrilmə yolu ilə yenidən təşkili üçün qarşıda duran vəzifələr haqqında məlumat verib.

Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva isə 2016-2017-ci tədris ilində Yekun Dövlət Attestasiyası və yay imtahan sessiyasının nəticələri, yay çöl-tədris və istehsalat təcrübələrinin keçirilməsi ilə bağlı çıxış edib.

İclasda BDU-nun Qazax filialının bir illik fəaliyyəti də müzakirə olunub. Filialın direktoru, professor Vüsət Əfəndiyev maddi-texniki bazanın, eləcə də infrastrukturun qurulması istiqamətində görülən işlər haqqında məlumat verib.

Elmi Şuranın iclasında elmi adların verilməsi, yay məktəblərinin təşkili, adlı təqaüdlərin verilməsi, tədris ilində xüsusi uğur əldə edənlərin mükafatlandırılması kimi məsələlərə baxılıb, o cümlədən yubilyarlar təbrik edilib.

Qeyd edək ki, Quba Tədris-Təcrübə və İstirahət Mərkəzi 2013-cü il sentyabrın 18-də Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə açılıb. 400 nəfər üçün nəzərdə tutulan mərkəzdə universitetin təbiət və humanitar fakültələrində təhsil alan tələbələr üçün müxtəlif tədris təcrübələri keçmək, eləcə də müəllim və tələbələrin istirahəti üçün hər cür şərait yaradılıb. Mərkəzdə indiyədək Türkiyə, Rusiya, Çexiya, Qazaxıstan, Belarusdan olan tələbələr təcrübə keçiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.