CƏMİYYƏT


BDU-nun əməkdaşları “Tədqiqat metodları”na dair təlimdə iştirak ediblər

A+ A

Bakı, 20 iyul, AZƏRTAC

Təhsil Nazirliyi və “ADA” Universitetinin birgə təşkil etdiyi “Tədqiqat metodları”na dair təlim başa çatıb.

Bakı Dövlət Universitetindən (BDU) AZƏRTAC-a bildiriblər ki, 4 ay davam edən təlim zamanı yeni tədris metodları və tədqiqat üsulları tədris olunub. Təlimə BDU, Azərbaycan Dövlət Pedaqoji, Azərbaycan Dövlət İqtisad, Azərbaycan Dillər, Bakı Slavyan universitetlərindən və digər ali təhsil müəssisələrindən 40 müəllim, elmi işçi və doktorant cəlb edilib. İki mərhələdə təşkil edilən təlimdə BDU-nun tarix, jurnalistika, filologiya, sosial elmlər və psixologiya fakültələrindən 12 əməkdaş iştirak edib. İlk üç ayda tədqiqat metodları, strukturu, akademik yazı və sosial tədqiqatların aparılma qaydaları, elmi materialların axtarışı və digər mövzularda təlimlər keçirilib. Yekun imtahan ilə təlimin birinci mərhələsi başa çatıb.

İkinci mərhələdə yüksək nəticə göstərən 20 nəfərdən ibarət işçi qrup seçilib. Qrupa on gündə yeni təlim metodları və “Tədqiqat üsulları” fənninə dair fənn proqramının hazırlanması barədə əlavə təlim keçirilib. Bunun üçün iştirakçılar ixtisaslar üzrə işçi qruplara bölünüb. Müxtəlif ali məktəblərdən olan mütəxəssislər tərəfindən tarix, dilçilik, jurnalistika, iqtisadiyyat, sosial elmlər, kimya, musiqişünaslıq ixtisaslarının tədqiqat metodlarına dair fənn proqramları hazırlanıb. BDU-nun əməkdaşları bu təlim kursunu uğurla başa vurublar. Yekun tədbirdə Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov, “ADA” Universitetinin dekanı Vəfa Kazdal, bu ali məktəbin tədris işləri üzrə prorektor müavini Anar Vəliyev, proqram rəhbəri Səidə Nəbiyevə kursun əhəmiyyəti, prosesin gözlənilən nəticələri barədə çıxış ediblər.

Sonda iştirakçılara sertifikatlar verilib.

“Tədqiqat üsulları” fənninin bütün ali məktəblərin magistratura pilləsində tədrisi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.