ELM VƏ TƏHSİL
BDU-nun filoloqları Bilkənd Universitetinin sertifikatına və məzun bukletinə layiq görülüblər
Bakı, 15 avqust, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan dilçiliyi kafedrasının dosenti Reyhan Həbibli, “Türkoloji Araşdırmalar” ETL-in kiçik elmi işçisi Pərvin Eyvazov, tələbələr Nihat Mikayıllı, Nigar Ağayeva, Mərziyə Behbudova, Lalə Əliyeva, Nigar Cəfərzadə və Sevinc Həsənova Türkiyənin İhsan Doğramacı Bilkənd Universitetində “Türkiyə türkcəsinin tədrisi üzrə yay məktəbi”ndə olublar.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, Bilkənd Universitetinin region ölkələri üzrə kurs proqramları departamenti tərəfindən keçirilən yay məktəbi türk dillərinin aktual məsələləri, dil və ədəbiyyatın tədrisi metodikası, o cümlədən Türkiyə türkcəsinin öyrədilməsi istiqamətində təşkil edilir. Yay məktəbində Azərbaycan ilə yanaşı, Qazaxıstan, Kosova və İraq Respublikasının müxtəlif universitetlərinin, orta ümumtəhsil məktəblərinin müəllimləri, ali məktəb tələbələri iştirak ediblər.
Dərslər Türkiyənin tanınmış dilçi və ədəbiyyatşünas alimləri tərəfindən aparılıb. İştirakçılara “Dilçiliyə giriş”, “Türk dilinin orfoqrafiya qaydaları”, “Türk dili və ədəbiyyatının tədrisi metodikası”, “Türk dilinin tarixi inkişafı”, “Ədəbi cərəyanlar”, “Şifahi xalq ədəbiyyatı” üzrə dərslər tədris olunub.
Sonra iştirakçılar test imtahanı veriblər. Tələbələr arasında Nigar Ağayeva və Mərziyə Behbudova ən yüksək balla qrup birincisi olublar. İmtahandan keçmiş hər bir müdavimə Bilkənd Universitetinin sertifikatı və məzun bukleti təqdim edilib.