ELM VƏ TƏHSİL
BDU-nun tələbələri Novosibirsk şəhərində keçirilmiş Beynəlxalq konfransda elmi məruzələr ediblər
Bakı Dövlət Universitetindən AZƏRTAC-a bildiriblər ki, Rusiya, ABŞ, Almaniya, Yaponiya, Niderland və digər ölkələrdən olan nümayəndələrin qatıldıqları bu beynəlxalq tədbirdə Ələkbər Hüseynzadə “Bəzi asetofenon törəmələrinin məhlul sistemlərinin NMR metodu ilə tədqiqi”, Mircavid Ağayev isə “Bəzi alkenilfenol törəmələrinin məhlul sistemlərinin NMR metodu ilə tədqiqi” mövzularında ingilis dilində məruzə ediblər.
Xatırladaq ki, BDU-nun kimya fakültəsinin nəzdində beynəlxalq standartlara cavab verən Nüvə Maqnit Rezonansı (NMR) laboratoriyası fəaliyyət göstərir. Laboratoriyada müxtəlif məhlul sistemlərində baş verən dinamik proseslərin, maddə quruluşunun öyrənilməsinə aid işlər aparılıb, əldə olunan nəticələr dünyanın “Magnetic Resonance in Chemistry”, “Applied Magnetic Resonance”, “Central Europian Journal of Chemistry”, “Jurnal Fiziçeskoy Ximii”, “Jurnal Orqaniçeskoy Ximii” və digər nüfuzlu jurnallarında çap olunub.